Nikola Teslanın adını elmdən uzaq insanlar belə eşidib. O, dəyişən cərəyanın inkişafına böyük töhfə verən, enerjinin simsiz ötürülməsini arzulayan və dövrünü onilliklərlə qabaqlayan dahi ixtiraçı kimi tanınır.
Ucnoqta.az bildirir ki, onun həyatı və fəaliyyəti əfsanələrlə əhatə olunub. Məhz buna görə də Tesla haqqında reallıqla fantaziyanı ayırmağın çətin olduğu çoxsaylı miflər yaranıb. Bəziləri onun gizli şəkildə “ölüm şüası” icad etdiyini, digərləri isə yadplanetlilərlə əlaqə saxladığını iddia edir. Hətta ona aid olmayan kəşflər belə Teslanın adına çıxılır.
Şimşəklər arasında Tesla fotosu
Yəqin ki, Nikola Teslanın kresloda oturub kitab oxuduğu, ətrafında isə nəhəng elektrik boşalmalarının göründüyü məşhur fotonu görmüsünüz. Möhtəşəm görünür, amma real eksperiment deyil.
Bu foto “Century” jurnalı üçün hazırlanmış səhnədir. Əvvəlcə elektrik boşalmaları çəkilib, daha sonra qurğu söndürülüb və Tesla kresloda oturaraq ayrıca fotoşəkil çəkdirib. Nəticədə təsirli görüntü ortaya çıxıb, lakin kadr real elmi təcrübəni əks etdirmir.
Nikola Teslanın “ölüm şüası”
Teslanın ABŞ Federal Təhqiqat Bürosunun (FBI) guya məxfiləşdirdiyi “ölüm şüası” icad etməsi barədə əfsanələr uzun illərdir internetdə yayılır.
Əslində işlək silah mövcud olmayıb. Tesla layihəni “Teleforce” adlandırırdı, lakin ideya bəyanatlardan o tərəfə keçmədi.
Onun ölümündən sonra sənədlər fizik Con Tramp tərəfindən araşdırılıb. O, materiallarda hərbi baxımdan yeni və faydalı bir şey olmadığını bildirib. Buna görə də “ölüm şüası” daha çox fantastik hekayəyə bənzəyir.
Nikola Tesla və yadplanetlilər
Tesla bir dəfə qəribə radio siqnalları eşidib və onların “yerdənkənar mənşəli” ola biləcəyini ehtimal edib. Jurnalistlər isə bundan sonra onu yadplanetlilərlə əlaqə saxlayan insan kimi təqdim etməyə başlayıblar.
Bununla bağlı heç bir sübut olmayıb. Müasir alimlərin fikrincə, Tesla böyük ehtimalla təbii radio müdaxilələrini qeydə almışdı. Yəni onun Marsla əlaqə saxlayan “telefonu” olmayıb.
Nikola Tesla zəlzələ yaradıb?
Əfsanəyə görə, Tesla Manhettenin böyük hissəsini silkələyə biləcək cihaz hazırlayıb. Əslində isə söhbət müəyyən tezlikdə titrəyən kiçik mexaniki qurğudan gedirdi.
Bu cihaz metal parçasını və ya divarın müəyyən hissəsini titrədə bilərdi, lakin heç bir zəlzələ yaratmayıb. Şəhəri silkələyə biləcək “vibrasiyalar” barədə hekayənin elmi təsdiqi yoxdur.
Teslaya aid edilən məşhur sitat
İnternetdə Teslaya tez-tez bu sözlər aid edilir: “3-6-9 rəqəmlərinin böyüklüyünü bilsəydiniz, Kainatın açarını anlayardınız”.
Mənbə göstərilmədiyi üçün bu sitatın həqiqiliyi şübhəlidir. Teslanın qeydlərində, mühazirələrində və digər sənədlərində belə bir ifadəyə rast gəlinmir.
Buna görə də “3-6-9” sitatını Teslanın sözləri kimi təqdim etmək düzgün deyil.
