İran hakimiyyəti Hörmüz boğazından keçidlə bağlı müəyyən edilmiş qaydaları pozan gəmilərə məhdudiyyətlər tətbiq etmək, cərimə yazmaq və hətta onları müsadirə etmək niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Hörmüz boğazında gəmiçilik fəaliyyətinə nəzarət edən İran idarəsi məlumat yayıb.
Qurumun açıqlamasında bildirilib ki, gəmilər idarə tərəfindən müəyyən edilmiş keçid qaydalarını pozarsa, onlara qarşı müxtəlif tədbirlər görüləcək. Buraya məhdudiyyətlərin tətbiqi, cərimə, gəminin saxlanılması və boğazdan sonrakı keçidlər zamanı gəminin müsadirə edilməsi də daxildir.
İdarə bildirib ki, Fars körfəzinə və ya körfəzdən kənara dəniz daşımaları həyata keçirən gəmi sahibləri mümkün problemlərin qarşısını almaq üçün qaydaları pozan gəmilərin siyahısı ilə tanış olmalıdırlar.
Qeyd olunub ki, artıq pozucular siyahısına daxil edilmiş digər gəmilərlə əməkdaşlıq edən gəmilər də həmin siyahıya əlavə ediləcək.
Adlarının siyahıdan çıxarılmasını istəyən gəmi sahibləri isə İran qaydalarının hansı səbəbdən pozulduğunu izah edən xüsusi müraciəti idarənin müvafiq strukturlarından birinə təqdim etməlidirlər.
