Payız mövsümünün gəlişi ilə qadın qarderobunda da yeni dəyişikliklər başlayır. Havaların sərinləşməsi geyim seçimlərini yeniləməklə yanaşı, fərqli rənglərin, parçaların və fasonların gündəlik obrazlara daxil olmasına şərait yaradır. Lakin dəbli görünmək heç də hər mövsüm qarderobu tamamilə yeniləmək demək deyil. Əsas məsələ düzgün seçim etmək, mövcud geyimləri bir-biri ilə uyğunlaşdırmaq və trendləri fərdi üsluba uyğun şəkildə tətbiq etməkdir.
Bəs 2026-cı ilin payızında qadınlar qarderoblarını formalaşdırarkən nələrə diqqət etməlidirlər? Hansı geyimlərə üstünlük vermək, rəng və fason seçimində hansı məqamları nəzərə almaq lazımdır?
Bu suallara “Meh Collection”un rəhbəri, modelyer-dizayner Mehriban Həsənova Ucnoqta.az-a açıqlamasında aydınlıq gətirib.
Mehriban Həsənovanın sözlərinə görə, payız qarderobunun əsasını ilk növbədə universal və bir-biri ilə asanlıqla kombin edilə bilən geyimlər təşkil etməlidir. Onun fikrincə, qadının qarderobunda bir neçə fərqli obraz yaratmağa imkan verən keyfiyyətli pencək, şalvar, köynək, don və palto kimi əsas parçaların olması seçim imkanlarını əhəmiyyətli dərəcədə artırır.
O, hesab edir ki, bu seçimlər zamanı rəng balansıda xüsusi əhəmiyyət daşıyır. Payız mövsümündə təbii və tünd tonlar ön plana çıxsa da, qadınlar yalnız bu rənglərlə məhdudlaşmamalıdırlar. Düzgün seçilmiş bir vurğu rəngi klassik görünüşə müasir və fərqli xarakter qazandıra bilər. Burada əsas məsələ rənglərin bir-biri ilə harmoniyasını qorumaqdır.
Mehriban Həsənova qadınlara geyim seçimində daha bir vacib məqamı, bədən quruluşunu nəzərə almağı tövsiyə edir.
Modelyerin fikrincə, dəbdə olan hər fason hər qadında eyni görünüşü yaratmır. Geyimin yalnız trend olması kifayət deyil; onun bədənə necə oturması, proporsiyaları necə göstərməsi və qadının ümumi obrazı ilə nə dərəcədə uyğunlaşması daha önəmlidir.
Payız-qış mövsümündə xüsusilə üst geyimlərin daha çox istifadə edildiyini nəzərə alsaq, burada parça və keyfiyyət seçimidə diqqətdən kənarda qalmamalıdır. Keyfiyyətli material geyimin görünüşünü daha premium göstərməklə yanaşı, onun uzun müddət istifadə olunmasına da imkan verir. Xüsusilə palto, pencək və digər üst geyimlərdə parça seçimi həm rahatlıq, həm də ümumi görünüş baxımından mühüm rol oynayır.
Həmsöhbətim qadınlara son olaraq trendləri olduğu kimi təkrarlamaq əvəzinə, onları öz üslublarına uyğunlaşdırmağı məsləhət görür. Çünki moda dəyişsə də, fərdi üslub insanın xarakterini və zövqünü əks etdirən əsas element olaraq qalır.
“Moda hər mövsüm dəyişir, amma qadının öz üslubu dəyişməməlidir. Dəbdə olan hər geyimi almaq əvəzinə, insan özünə yaraşanı və həyat tərzinə uyğun olanı seçməlidir. Zövqlü görünüş çoxsaylı geyimlərdən deyil, düzgün seçimlərdən yaranır. Bəzən bir keyfiyyətli pencək, düzgün seçilmiş şalvar və uyğun aksesuar bütöv obraz yaratmaq üçün kifayət edir. Əsas məqsəd geyimin qadını kölgədə qoyması deyil, onun fərdi gözəlliyini və xarakterini ön plana çıxarmasıdır”, – deyə M.Həsənova bildirib.
Beləliklə, 2026-cı ilin payızında qarderob yenilənərkən əsas diqqəti yalnız trendlərə deyil, keyfiyyətə, uyğunluğa, rəng harmoniyasına, bədən quruluşuna və fərdi üsluba yönəltmək daha doğru seçimdir. Çünki əsl dəb yalnız mövsümün trendini izləmək deyil, həmin trendi özünəməxsus şəkildə təqdim edə bilməkdir.
Xəyal Abdullayev
