ABŞ hakimiyyəti 17 İran vətəndaşına universitetlərin, şirkətlərin və dövlət qurumlarının kompüter sistemlərinə qarşı genişmiqyaslı kiberhücum kampaniyası təşkil etmək ittihamı irəli sürüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, təqsirləndirilən şəxslər 2013-cü ildən etibarən ABŞ-da 144, digər ölkələrdə isə 178 universitetin, ən azı 53 şirkətin, həmçinin bir sıra dövlət qurumları və qeyri-hökumət təşkilatlarının kompüter sistemlərinə hücum ediblər.
Həmin şəxslərın təxminən 8 min müəllim hesabına giriş əldə etdiyi və ən azı 31,5 terabayt həcmində elmi məlumat və intellektual mülkiyyət oğurladığı bildirilir.
ABŞ Ədliyyə Nazirliyi bəzi hücumların İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) adından həyata keçirildiyini iddia edir. Oğurlanan məlumatların bir hissəsinin İrandakı müştərilərə satıldığı da qeyd olunur.
İddialara görə, kiberhücumların hədəfləri arasında ABŞ Əmək Nazirliyi, Federal Enerji Tənzimləmə Komissiyası, Havay və İndiana ştatlarının hakimiyyət orqanları, BMT və UNICEF də olub.
ABŞ Ədliyyə Nazirliyi ittihamların məhkəmədə sübuta yetirilməli olduğunu bildirib.
