Almaniyada pilotsuz uçuş aparatlarına qarşı müdafiə üzrə tədqiqat mərkəzi rəsmi olaraq fəaliyyətə başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Mərkəzin açılış mərasimi Saksoniya-Anhalt federal torpağının Koxştedt şəhərində keçirilib. Mərkəz Almaniya Aerokosmik Mərkəzinin (DLR) bazasında yerləşir. İşlərin bir hissəsinin isə Aşağı Saksoniyanın Braunşveyq şəhərindəki DLR bölməsində aparılması planlaşdırılır.
Yeni mərkəz pilotsuz uçuş aparatlarından təhlükəsiz istifadənin araşdırılması, dronlara qarşı mübarizə texnologiyalarının hazırlanması və onların real şəraitdə poliqonda sınaqdan keçirilməsi ilə məşğul olacaq.
Açılış mərasimində Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt də iştirak edib. O bildirib ki, ölkənin Avropanın iqtisadiyyatı, siyasəti və təhlükəsizliyi üçün mühüm rolu səbəbindən Almaniya mütəmadi olaraq hibrid hücumların hədəfinə çevrilir.
“Almaniyanı hədəfə alan bütün Avropanı vurur”, – deyə nazir bildirib.
