Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ilə münasibətlərə dair diqqətçəkən açıqlamalar verib.
Ucnoqta.az xəbər verir ki, Ərdoğan Qətərin paytaxtı Dohada fəaliyyət göstərən “Al Jazeera Arabic” telekanalına müsahibəsində gündəmlə bağlı sualları cavablandırıb.
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkədə imzalanan üçtərəfli sazişə toxunan Ərdoğan bunun dünyaya mühüm mesaj vermək üçün əhəmiyyətli fürsət olduğunu bildirib.
“Əvvəla, Məkkə sazişi fərqli bir dəyişiklik idi. Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında Məkkədə bu üçtərəfli sazişin imzalanması dünyaya mühüm mesaj verməyimiz üçün real fürsət oldu. Bu sazişin Məkkədə imzalanması bizə əlavə güc, dünyaya isə mühüm mesaj verdi”, – Türkiyə Prezidenti deyib.
ABŞ ilə İran arasında gərginliyin davam etdiyi bir vaxtda belə bir razılaşmanın əldə olunmasının dünya sülhü baxımından mühüm mesaj olduğunu vurğulayan Ərdoğan Türkiyənin sülh tərəfdarı mövqedə olduğunu qeyd edib.
Avropa İttifaqı ilə münasibətlərə də toxunan Ərdoğan bildirib ki, Türkiyənin prioriteti Aİ deyil.
“Bizim üçün prioritet Avropa İttifaqı deyil. Amma bunu daim deyirik: uduzan siz olacaqsınız, Türkiyə yox”, – Ərdoğan vurğulayıb.
