“Bakı Metropoliteni” QSC tərəfindən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində bu gündən “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Ucnoqta.az xəbər verir ki, tikinti işlərinin təxminən 10-11 ay davam edəcəyi planlaşdırılır. Layihənin əsas məqsədi xətlər arasındakı asılılığı aradan qaldırmaq, stansiyalarda sıxlığı azaltmaq, qatarlararası intervalı minimuma endirmək və hərəkətin dayanıqlılığını təmin etməkdir.
Layihə başa çatdıqdan sonra “İçərişəhər” istiqamətinə gedən sərnişinlər “28 May”, “Dərnəgül” istiqamətinə gedənlər isə “Cəfər Cabbarlı” stansiyasının platformasından istifadə edəcəklər.
Metroda hərəkətin dayandırılması ilə əlaqədar AYNA tərəfindən əlavə nəqliyyat tədbirləri görülüb. Avqustun 14-dən 6 yeni ekspres avtobus marşrutu fəaliyyətə başlayıb, 20 müntəzəm marşrut üzrə avtobusların sayı artırılıb.
Həmçinin “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan 32, 49, 120E və 125 nömrəli marşrutların son dayanacaqları dəyişdirilərək Səməd Vurğun bağının ətrafında təşkil olunub.
