Yaponiyada ağır ürək çatışmazlığından əziyyət çəkən xəstəyə kök hüceyrələrdən hazırlanmış “ürək plastırı” köçürülüb.
Ucnoqta.az xəbər verir ki, əməliyyat Osaka prefekturasındakı xəstəxanalardan birində həyata keçirilib. Bu barədə məhsulu hazırlayan və Osaka Universitetində tədqiqatlar aparan Qualips şirkəti məlumat yayıb.
Əməliyyat zamanı infarktdan sonra ağır ürək çatışmazlığı yaranmış 50 yaşlı qadının ürəyinə ReHeart adlı preparat yerləşdirilib. Bu, iPS (induksiya edilmiş pluripotent kök hüceyrələri) əsasında hazırlanan ilk regenerativ tibb məhsulu kimi təqdim olunur.
ReHeart iPS hüceyrələrindən yetişdirilən kardiomiositlərdən hazırlanmış təbəqə formasındadır. Ürəyə yerləşdirildikdən sonra damarların bərpasına kömək edən maddələrin ifrazını stimullaşdıraraq ürəyin nasos funksiyasını yaxşılaşdırmağa və ya sabitləşdirməyə yönəlib.
Təxminən 50 dəqiqə davam edən əməliyyatın uğurla başa çatdığı bildirilir. Xəstənin 2–4 həftə ərzində evə buraxılması gözlənilir.
