12 avqust saat 15:00-dan etibarən müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi çərçivəsində müddətsiz əmək müqaviləsi üzrə ümumi vakansiyaların seçimi mərhələsi start götürür.
Ucnoqta.az xəbər verir ki, namizədlər elektron ərizə vasitəsilə maksimum 8 vakant vəzifə seçə bilərlər. Namizədlərin yerləşdirilməsi onların vakansiyaları ərizədə qeyd etdikləri ardıcıllıq əsasında aparılacaq.
Seçdiyi vakansiyaya yerləşdirildikdən sonra həmin vəzifədən imtina edən namizəd MİQ müsabiqəsinin növbəti vakansiya seçimi mərhələlərinə buraxılmayacaq.
Ümumi vakansiya seçimi 15 avqust saat 15:00-da başa çatacaq.
Xatırladaq ki, faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi isə 8 avqustda başlayıb və 10 avqust saat 11:00-da yekunlaşıb.
