Yeniyetmələr üçün təhlükəli olan güclü təsirli maddə tərkibli yeni arıqlama əlavələrinin internetdə kütləvi şəkildə satıldığı bildirilir.
Ucnoqta.az xəbər verir ki, onlayn ticarət platformalarında tərkibində güclü təsirə malik və həyati təhlükə yarada biləcək yan təsirləri olan sibutramin maddəsi aşkarlanan kustar üsulla hazırlanmış bioloji aktiv qida əlavələri (BAQƏ) yenidən satışa çıxarılıb.
2025-ci ildə tərkibində eyni maddə olan “Molekula” və “Molekula Plyus” adlı arıqlama əlavələrinin satışı dayandırılmışdı. Lakin indi həmin məhsulların Supressa, Ultra Lipo 3 və Mineral Balance brendləri altında yenidən bazara çıxdığı bildirilir.
Aparılan analizlər zamanı bu məhsulların tərkibində “Molekula” ilə müqayisədə iki dəfə çox sibutramin olduğu müəyyən edilib.
Məlumata görə, bu məhsulların əsas alıcıları məktəbli qızlar və tələbələrdir. İstehsalçılar onlara arıq bədən vəd edir, məhsulların “təbii tərkibli” olduğunu bildirirlər. Lakin tərkibində təhlükəli maddənin olduğu barədə məlumat verilmir.
Ekspertlərin fikrincə, sözügedən BAQƏ-lər Çindən gətirilən sənaye xammalından Qazaxıstanda kustar üsulla hazırlanır.
