ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının sponsorları ilə qapalı görüşdə vitse-prezident Cey Di Vensi 2028-ci il prezident seçkilərində öz varisi kimi görmək istədiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə The Washington Post qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp təxminən iki həftə əvvəl Oval kabinetdə keçirilən qapalı görüşdə “Sonda Cey Di Vensi seçməli olacağıq” deyib. Prezidentin ətrafından olan mənbə Trampın şəxsi söhbətlərdə artıq varisi kimi məhz Vensi müəyyənləşdirdiyini iddia edib.
Qəzetin həmsöhbətlərindən birinin sözlərinə görə, Vens İranla qarşılıqlı anlaşma memorandumunun imzalanmasına nail olması, dələduzluğa qarşı kampaniyaya rəhbərlik etməsi və mediadakı tənqidlərə uğurla cavab verməsi ilə Trampda müsbət təəssürat yaradıb.
Bununla belə, digər mənbələr Trampın son qərarını vermədiyini və gələcəkdə dövlət katibi Marko Rubionu da dəstəkləyə biləcəyini bildiriblər. Onların fikrincə, ABŞ prezidenti müxtəlif həmsöhbətlərinə fərqli mövqelər səsləndirir və son ana qədər namizədlərdən heç birini açıq şəkildə dəstəkləməyə tələsməyəcək.
