Milyarder investor Corc Soros şirkətlərini və Açıq Cəmiyyət Vəqflərini oğluna köçürür.
Ucnoqta.az Türekiyə mətbuatına istinadən xəbər verir ki, Macarıstan əsilli yəhudi olan 92 yaşlı Soros siyasi fəaliyyətlərə köçürdüyü milyardlarla dünyada tez-tez antisemitizm sui-qəsd nəzəriyyələrinin hədəfinə çevrilir. 25 milyard dollarlıq şirkət və fondları öz üzərinə götürəcək 37 yaşlı Aleks Soros Wall Street Journal (WSJ) qəzetinə verdiyi müsahibədə atasından daha "siyasi" olduğunu, lakin atası ilə oxşar fikirlərə sahib olduğunu söyləyib.
Atasının liberal hədəflərini genişləndirəcəyini və səsvermə hüququ, abort hüququ, gender bərabərliyi kimi fərqli səbəbləri müdafiə edəcəyini ifadə edən Aleks Soros, ABŞ-da sol təmayüllü siyasətçilərə dəstəyini davam etdirəcəyini qeyd edib.
ABŞ-ın keçmiş prezidenti Donald Trampın yenidən prezident seçilməsindən narahat olduğunu deyən Aleks Soros, bunun qarşısının alınmasının əsas prioritetləri arasında olacağını ifadə edərək, 2024-cü ildə keçiriləcək prezident seçkilərində mühüm maliyyə rolu oynayacaqlarına işarə edib.
ABŞ-dakı məsələlərə atasından daha çox diqqət yetirəcəyini deyən Aleks Soros Latın Amerikası və Afrika əsilli Amerikalıların seçkilərdə iştirakını təşviq edən layihələri dəstəklədiyini qeyd edib.
Aleks Soros bildirib ki, bu yaxınlarda Bayden administrasiyasının rəsmiləri, eləcə də Braziliya prezidenti Luiz İnasio Lula da Silva və Kanadanın baş naziri Castin Trüdo kimi xarici liderlərlə görüşüb və ailə fondları ilə bağlı məsələləri müzakirə edib. Açıq Cəmiyyət Vəqflərinin direktorlar şurası dekabr ayında Aleks Sorosu atasının yerinə sədr seçmişdi.
Dünyanın 120-dən çox ölkəsində fəaliyyət göstərən Sorosun Açıq Cəmiyyət Vəqfləri öz saytında qeyd olunduğu kimi, “dünyada demokratiyanın inkişafı və insan haqlarının müdafiəsi” üçün qeyri-hökumət təşkilatlarına hər il təxminən 1,5 milyard dollar köçürür.
