Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva xalqımızın dərin rəğbətini və sevgisini qazanıb.
Mehriban xanım Əliyevanın səmərəli və çoxşaxəli fəaliyyətinə nəzər salsaq görərik ki, onun fəaliyyəti hər zaman milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanıb. Vətənə sədaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyət Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdir.
Ümumiyyətlə Mehriban xanım Əliyevanın ölkənin birinci xanımı kimi fəaliyyət istiqamətlərinə baxsaq, “Yumşaq güc” amilinin təcrübədə effektivliyinə bir daha əmin ola bilərik. Humanitar sahədə uğurlu fəaliyyət göstərən ölkənin birinci xanımı 2017-ci ildən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən siyasi rəhbərlik funksiyasını da icra etməyə başladı. Əlbəttə ki, bundan öncə uğurlu fəaliyyətlərdə olduğu kimi siyasi rəhbərlik funksiyasının icrası zamanı da o daim xalqın maraqlarına cavab verən addımlar atdı.
Sirr deyil ki, Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezidentin sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi var. Müasir Azərbaycanın quruculuğunda bu tandem mühüm əhəmiyyət kəsb edir. Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Bütün bu qeyd edilən məsələlərə əsasən deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır.
3 mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilib
Azərbaycanda son illərdə təhsil sahəsinin inkişafında xeyli irəliləyişlər nəzərə çarpır. Sözsüz ki, bu məsələdə də Birinci vitse-prezidentin danılmaz rolu olub. Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı bir çox önəmli layihə və proqramlara start verilib. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir. Azərbaycanda təhsilin inkişafına böyük həssaslıqla yanaşan Mehriban xanımın təşəbbüsü ilə Fond bütün ölkə ərazisində “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ilə yanaşı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi proqramların icrasını da həyata keçirərək dövlət təhsil siyasətinin reallaşmasında müstəsna əhəmiyyətə malik işlər görmüşdür. Bu layihələr həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilib, təhsilin bütün ölkə ərazisində əlçatanlığı təmin edilişb. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq istifadəyə verilibr. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirmiş və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəblisinin uğurlarının əsas təminatçısı olub.
Bir məqamı da qeyd edək ki, Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Təhsilə dəstək” layihəsi ölkə miqyasından çıxaraq, beynəlxalq humanitar təşəbbüsə çevrilib. Belə ki, layihə çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlərlə yanaşı, xarici ölkələrdə – Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulub və əsaslı təmir olunub. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələ nəticəsində dağılmış təhsil ocağının əvəzində yeni orta məktəb binasının, Gürcüstanın Dmanisi rayonunda yeni kompüter tədris mərkəzinin, Gürcüstanın Bolnisi rayonunun Həsən Xocalı və Cəfərli kəndlərində yeni məktəb binalarının inşası, Gürcüstanın Marneuli şəhərindəki Azərbaycan ümumtəhsil məktəbinin, Tiflisdəki M.F.Axundzadə adına orta məktəbin, Qardabanidəki Azərbaycan məktəbi və Dmanisidəki Azərbaycan beynəlxalq orta məktəbinin, Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki orta ümumtəhsil məktəbinin binasının əsaslı təmir edilməsi belə layihələrdəndir. Bu istiqamətdə görülən işlər Mehriban xanım Əliyevanın xeyirxah və tərəqqipərvər missiyasının bütün dünya insanlarına faydalı olmaq məqsədi daşıdığını göstərir və dünya insanının savadlanmasına xidmət edir.
Uzun illərdir ki, ölkəmizdə həssas əhali qruplarına qayğıkeş münasibət sərgilənir. Xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Bu işdə gündəlik sosial ehtiyacların qarşılanması, insanların sağlamlığının qorunması, xəstələrə, kimsəsizlərə, ahıllara və ehtiyacı olan digər insanlara qayğı və nəvaziş ən vacib missiya kimi həyata keçirilməkdədir. Məsələn, təqdir olunası haldır ki, qazi və şəhid ailələrinin problemlərinin həlli hər zaman diqqətdə olub. Qəhrəman şəhidlərimizin övladları, valideynləri və doğmalarına dövlətin diqqətindən başqa Mehriban xanım Əliyevanın da xüsusi diqqəti və qayğısı olub. Bu istiqamətdə fəaliyyət Heydər Əliyev Fondu vasitəsilə heç bir ictimai məlumatlandırma olmadan həyata keçirilib.
Bundan başqa, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin, Şağan və Saray qəsəbələrində əlil uşaqlar üçün internat evlərinin, Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin yüksək səviyyədə yenidən qurulması, internat məktəblərində yaşayan uşaqların sonrakı həyatının təhlükəsiz və sağlam təminatı üçün yaşayış binalarının tikilib istifadəyə verilməsi, ölkəmizdə irsi qan xəstəliyindən əziyyət çəkən şəxslərin sağlamlığının qorunması və müalicəsi üçün Bakı şəhərində Talassemiya Mərkəzinin yaradılması və sair çoxşaxəli fəaliyyət də ölkəmizdə məhz Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilib. Qeyd edilən müəssisələrin və mərkəzlərin açılışında iştirak edən Mehriban xanım onu əhatə edən körpələrə, uşaqlara, qayğıya ehtiyacı olan şəxslərə hər zaman ana nəvazişi ilə yanaşıb. Bu cür səmimi davranışlar isə xalqımızın qəlbində dərin izlər buraxır.
Onun fəaliyyətində humanizmlə yanaşı çeviklik də əsas ana xətt sayılır desək yanılmarıq. Məsələn, 2019-cu ilin fevral ayında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında Heydər Əliyev Fondu olduqca vacib işlər gördü. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən bölgədə birliyin əməkdaşları və könüllüləri tərəfindən zəlzələdən ziyan çəkənlərə tibbi, psixoloji, ərzaq yardımları verildi, sosial vəziyyəti ağır olan ailələrin problemləri araşdırıldı, müvafiq köməklik göstərildi.
Birinci vitse-prezident idman hərəkatına da dəstəyini hər zaman əsirgəməyib. Mehriban xanım Əliyevanın Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü, həmçinin Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi fəaliyyətinə nəzər salsaq onun böyük işlər gördüyünü, Azərbaycanda idman hərəkatının davamlılığına əvəzsiz töhfələr verdiyini sezərik. Yeni istifadəyə verilən orta məktəb və məktəbəqədər müəssisələrin idman zalları ilə təchiz olunması, futbol meydançalarının, yeni salınan parklarda mini stadionların, idman qurğularının istifadəyə verilməsi, bölgələrdə və paytaxtda şahmat məktəblərinin, idman komplekslərinin tikilməsi Azərbaycanda idman hərəkatının genişlənməsinə səbəb olub desək yanılmarıq. Gimnastika üzrə dünya kuboku yarışlarının, müxtəlif çempionat və turnirlərin, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə yüksək səviyyədə keçirilməsi məhz Mehriban xanım Əliyevanın adı və yüksək təşkilatçılıq qabiliyyəti ilə bağlıdır. Bu beynəlxalq yarışlar ölkəmizin istər mədəniyyət, istərsə də idman nüfuzunu bütün dünyada yüksəltmiş, Azərbaycanı idman ölkəsi kimi tanıtmış və ölkəmizə böyük turist axınına səbəb olmuşdur.
Pandemiya səbəbindən ölkəmizdə yaşanan böhran zamanı Mehriban xanım Əliyevanın peşəkarlığı sayəsində idarəetmədə güc birliyi təmin olundu. Onun tapşırığına əsasən Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata keçirildi. Bakı və regionlardakı körpələr və uşaq evləri, internat məktəbləri, Uşaq Psixonevroloji Mərkəzi, bütün sosial xidmət müəssisələri, o cümlədən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi belə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələrlə, maskalar, digər qoruyucu vasitələr və zəruri ehtiyaclarla mütəmadi təmin edildilər. Təbii ki, bütün bunlar yüksək diqqət və qayğının nəticəsi idi.
Azərbaycanda ekoloji problemlərin həllinə yönəlmiş təşəbbüslərin çoxluğu da ürəkaçan amildir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə böyük ekoloji layihələr icra edilməkdədir. 2007-ci il Novruz bayramı ərəfəsində onun təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulub. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınıb. Təkcə 2020-ci ildə – Nəsimi ilində Mehriban xanım Əliyevanın ideyası və təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkildi. Bakıda IDEA-nın təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə Qafqaz Biomüxtəlifliyi Sammiti keçirildi və beynəlxalq ekspertlərin diqqəti Azərbaycanda, eləcə də bütün Qafqazda biomüxtəlifliyin qorunmasına yönəldildi. Ölkəmizdə mütəmadi olaraq keçirilən ağacəkmə aksiyaları, Xəzər dənizinin ekoloji mühafizəsi tədbirləri, şəhərlərimizin yaşıllaşdırılması layihələrinin əsas təşəbbüskarı və iştirakçısı məhz Heydər Əliyev Fondu və onun rəhbəri Mehriban xanım Əliyevadır.
Ölkənin beynəlxalq nüfuzunu artıran fəaliyyət və layihələr
Sirr deyil ki, bir sıra mühüm mədəni layihələrimiz olub ki, onlar ölkənin beynəlxalq imicinə müsbət təsir göstərib. Həqiqətən də Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol oynayıb. Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində mümkün oldu. Mehriban xanım Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirib. Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınmışdır. Fransada, İtaliyada, Rusiyada və başqa ölkələrdə keçirilən çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa, öyrənməyə, görməyə başlamışdır. Məhz bunun nəticəsində dünya insanı Azərbaycanı müasir və dinamik inkişaf edən ölkə, eyni zamanda, Azərbaycan xalqını öz tarixi köklərinə bağlı olan multikultural və tolerant xalq kimi tanımağa başlamışdır.
Mehriban xanım Əliyevanın UNESCO-nun Xoşməramlı səfiri və ölkəmizin Birinci vitse-prezidenti kimi 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması tarixi hadisədir.
Bu yerdə ölkənin birinci xanımının xoşməramlı səfir kimi bir sıra təşəbbüslərini sadalamaq da yerinə düşər. Məsələn, Mirzə Kazımbəyin 200 illik, akademik Yusif Məmmədəliyevin, xalçaçı-rəssam Lətif Kərimovun, akademik Musa Əliyevin, yazıçı Mir Cəlal Paşayevin, rəssam Səttar Bəhlulzadənin və dramaturq İlyas Əfəndiyevin 100 illik, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik, həmçinin Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının 100 illik, “Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileyləri UNESCO səviyyəsində qeyd edilib. Bütün bunlarla yanaşı, Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, tar ifası, Novruz bayramı, kəlağayı sənəti, Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Eyni zamanda Qız Qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb.
Azərbaycan Respublikasında Birinci xanım institutunun uğurlu fəaliyyətində müstəsna əməyi olan və bu institutun dünyadakı mütərəqqi nümunələrinə uyğun şəkildə öz fəaliyyətini quran Mehriban xanım Əliyevanın nəcib və xeyirxah missiyası qısa zaman ərzində nəinki ölkə ictimaiyyəti, hətta beynəlxalq ictimaiyyətin də diqqətini çəkib. Bunun nəticəsi olaraq bu nəcib insan 2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun, 2006-cı ilin noyabrında isə humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.
Mehriban xanım Əliyevanın ISESCO xətti ilə olan fəaliyyəti də böyük səmərə verib. Müxtəlif müsəlman ölkələrində xeyriyyə aksiyalarının keçirilməsi, müsəlman uşaqların təhsili və sağlamlığı ilə bağlı davamlı layihələrin reallaşdırılması, həmçinin Bakının İslam mədəniyyətinin paytaxtı olması önəmli təşəbbüs və vacib işlər kimi qeyd edilə bilər. Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdə yeni məscidlər inşa etmiş, müqəddəs ziyarətgahların təmir-bərpa işlərini həyata keçirmişdir. Bundan əlavə, Mehriban xanım Əliyeva yüz illər boyu Azərbaycanda dost və qardaş şəkildə yaşamış müxtəlif dinlərin nümayəndələrinin mədəni özünəməxsusluğunu qoruyub saxlaması, dini ayinlərini sərbəst yerinə yetirməsi üçün ibadət evlərinin bərpası və inşası işində də öndə dayanıb. Mərdəkan qəsəbəsindəki XVI əsrə aid “Pir Həsən” ziyarətgahında, Binə qəsəbəsindəki “Möhsün Səlim” və “İmam Rza”, Gəncədəki “Həzrəti Zeynəb”, Buzovna qəsəbəsindəki “Cümə” və s. məscidlərdə əsaslı təmir və bərpa işləri həyata keçirib. Davamlı olaraq ölkəmizdəki müqəddəs məkanları, dini ibadət yerlərini ziyarət edən Mehriban xanım Əliyeva bu nəcib fəaliyyəti ilə ölkəmizdə dövlət-din münasibətlərinin daha yaxşı şəkildə qurulması işinə böyük töhfə verib.
Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Versal Sarayının parkındakı ümumbəşəri abidələrin bərpası, Luvr Muzeyinin bərpası, İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin bərpası, Romanın Villa Borgeze parkında Nizami Gəncəvinin abidəsinin ucaldılması, Vatikanda Roma katakombalarının bərpası, Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın görkəmli yazıçısı, filosofu və humanisti Mirzə Fətəli Axundzadənin abidəsinin ucaldılması, Parisdə Azərbaycan Mədəniyyəti Mərkəzinin yaradılması, Romada Kapitolini Muzeyinin “Filiosoflar zalı”nın təmiri və digər ümumbəşəri layihələr icra edilmişdir. Bəşəriyyətin möhtəşəm mədəniyyət tarixinin mühafizəsinə, onun gələcək nəsillərə vacib əmanət kimi çatdırılmasına, bununla bəşəriyyətin mədəni yaddaşının qorunmasına xidmət göstərən xeyirxah missiya indi də uğurla davam etməkdədir.
Təkcə Azərbaycan əhalisinin deyil, dünya əhalisinin də sağlamlığının qorunması daim Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasında dayanmışdır. Sağlamlığın qorunması istiqamətində beynəlxalq tədbirlər çərçivəsində Heydər Əliyev Fondu Dünya Diabet Günü kampaniyasına qoşulmuş, əhalinin sağlamlığının qorunması, xüsusilə uşaqların fiziki cəhətdən sağlam böyüməsinə lazımi səviyyədə diqqət yetirilməsi üçün “Talassemiyasız həyat naminə” layihəsini başlayıb. Bundan əlavə, 2010-cu ildə Heydər Əliyev Fondu və UNICEF-in birgə təşkilatçılığı ilə keçirilən anemiya və talassemiya üzrə “dəyirmi masa”da bu istiqamətdə bir çox mühüm problemlər müzakirə edilmişdir. Məhz bu xidmətlərinə görə Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə Mehriban xanım Əliyeva bu beynəlxalq təşkilatın ali mükafatına layiq görülüb.
Mehriban xanım Əliyeva öz fəaliyyətində dünyada sülhün qorunmasına, həmçinin münaqişə ocaqlarında sülhün bərqərar olunması işinə də böyük önəm verib. Məhz Mehriban xanımın təşəbbüsü sayəsində UNESCO və ISESCO-nun dəstəyi ilə 2008-ci ildə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” beynəlxalq forumu ümumbəşəri mədəniyyətə, sülhün və əmin-amanlığın bərpa olunmasına hesablanmış ən böyük addım olub. Ölkəmizdə bilavasitə Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində “Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü”, “Gənclər sivilizasiyaların alyansı naminə” mövzusunda beynəlxalq konfranslar, “Dünya gənclərinin 4-cü məşğulluq sammiti”, BMT-nin Dövlət Xidmətləri Forumu, habelə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi qlobal tədbirlər uğurla keçirilib.
Onu fəaliyyəti nəticəsində Azərbaycanın xarici ölkələrlə dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə bir sıra töhfələr verilib. Çünki Mehriban xanım Əliyevanın Azərbaycanın xarici siyasətindəki vacib missiyası ölkələrarası dostluq münasibətlərinin qurulmasıdır. Bununla bağlı Birinci vitse-prezidentin Fransa, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin birinci xanımları və ya dövlət idarəetməsində yüksək vəzifə tutan xanımları ilə keçirdiyi görüşlər, əməkdaşlıq etdiyi müxtəlif platformalar xüsusi əhəmiyyət daşıyır. Mehriban xanımın bu fəaliyyətini təkcə Azərbaycan dövləti deyil, bizimlə əməkdaşlıqda maraqlı olan xarici ölkə başçıları da qeyd edirlər.
Bütün bunların məntiqi nəticəsidir ki, bu illər ərzində Mehriban xanım Əliyevanın fəaliyyətinin əhəmiyyətini və qlobal aktuallığını əks etdirən yüksək təltiflərin şahidi olmuşuq. Xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban Əliyevanın ölkə daxilində həyata keçirdiyi humanitar missiyası dövlətimiz tərəfindən yüksək dəyərləndirilib və Mehriban xanım Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülüb.
Xarici ölkələrin ali dövlət mükafatları sırasında xüsusi olaraq bunları qeyd etmək olar: Fransanın “Şərəf Legionu”, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın “Hilal-e Pakistan”, Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı. Onu da bildirək ki, Mehriban xanım Əliyeva, eyni zamanda, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru seçilib.
Bir sözlə, bu gün Mehriban xanım Əliyeva xalqımızın firavanlığı və qüdrətli dövlətimizin tərəqqisini naminə çoxşaxəli fəaliyyəti ilə Prezident İlham Əliyevin və ona inanan, böyük ümidlər bəsləyən insanların etimadını doğrultmağı bacarıb.
Vüqar Əliyev,
Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi
