Əməkdar artist: "Hazırda sənəti düşünəcək halda deyiləm"

11:44 - 25 Fevral 2017 - Mədəniyyət

 "Hazırda sənəti düşünəcək halda deyiləm. Başım şəxsi problemimə qarışıb." Ucnoqta.az-ın xəbərinə görə, bu fikirləri əməkdar artist, aktyor Ötkəm İsgəndərov PrimeTime.Az-a açıqlamasında deyib. Bir zamanlar Azərbaycan kinosunda maraqlı obrazlar yaradan peşəkar aktyor hazırda sənət fəaliyyəti ilə məşğul olmur. Baxmayaraq ki, Ötkəm İsgəndərov xeyli müddətdir Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışır. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində uzun müddət dərs dedim. Sonradan belə məsləhət oldu ki, mən ərizəmi yazım və gedim. Belə də etdim. Gənc Tamaşaçılar Teatrının direktoru, dostum Mübariz Həmidov sağ olsun. Məni teatra işə götürdü. Yoxsa çox çətin olardı. Hazırda teatrda pedaqoq-təşkilatçı vəzifəsində çalışıram. Tamaşadan əvvəl uşaqlarla iş aparıram. Amma bu aktyorluq deyil. Bununla belə işim olduğu üçün şükür edirəm. " Həyat yoldaşı xəstə olan aktyor onun müalicəsi ilə məşğuldur: "Xanımım xəstədir. Onurğa beynində yaranan problemlərə görə, son beş ildə ağır günlər keçirir. Gəzə bilmir və bunun nəticəsində onun qulluğunda dayanmaq, ona qayğı göstərmək mənim öhdəmə düşüb. Dəfələrlə müalicə alıb. Amma hələlik irəlləyiş yoxdur. Beş ildə 53 həkimin qəbulunda olmuşuq. İranda dəfələrlə müalicə alıb. Amma xeyiri yoxdur. Bir qızım var. Ailə qurub. Həyat yoldaşımla ikimiz qalmışıq. Bu səbəbdən çalışıram ki, həyat yoldaşımın yanında olam. Sənəti düşünəcək halda deyiləm. Kino yoxdur, teatrda aktyor kimi çalışmıram. Ümidlə yaşayıram. İnanıram ki, bir gün hər şey yaxşı olacaq".
Qeyd edək ki, Ötkəm İsgəndərov 1955-ci ildə Neftçala şəhərində doğulub. 1975-1979-cu ildə Moskvada ÜDKİ-nin aktyorluq fakültəsini bitirib. Elə həmin ildən də "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb.

 

Xəbər xətti