Quba rayonunun Vladimirovka kəndində yerləşən soyuducu anbar və meyvə çeşidləmə müəssisəsində çalışan işçilər əmək haqlarının ödənilməməsindən şikayətçidirlər.
Ucnoqta.az xəbər verir ki, Shimal.News-a müraciət edən “Ran Fruit” şirkətinin əməkdaşlarının bildirdiyinə görə, 200-dən çox işçi iki aydan artıqdır maaş ala bilmir.
Onlar iddiasına görə, müəssisədə soyuducu anbarlar və meyvə çeşidləmə avadanlıqları fəaliyyət göstərir, regionun müxtəlif ərazilərindən gələn insanlar burada çalışır. Rəhbərlik əmək haqqının ödənilməsi ilə bağlı onlara davamlı olaraq “bu gün–sabah” vədləri versə də, indiyədək heç bir ödəniş həyata keçirilməyib.
Bildirilir ki, maaşların verilməməsinə baxmayaraq, müəssisə fəaliyyətini dayandırmayıb və gəlir əldə etməyə davam edir.
Onlar aidiyyəti qurumlardan məsələyə müdaxilə etməyi və əmək haqlarının ödənilməsinə köməklik göstərməyi xahiş edirlər.