Bank kartlarından oğurluq edənlərə hökm oxundu

17:26 - 7 Yanvar 2026 - HADİSƏ

Bank kartlarından xüsusi proqramlardan istifadə etməklə pul oğurlamaqda və digər cinayətlərdə təqsirli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulaminin cinayət işləri üzrə məhkəməsi yekunlaşıb.

Ucnoqta.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Cavanşir Rüstəmzadə 7 il 6 ay, Mehman Əsədovun 9 il, Novruz Qulami isə 7 il azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Cavanşir Rüstəmzadənin 10 il, Mehman Əsədovun 10 il, Novruz Qulaminin 9 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə pul oğurlamaqda şübhəli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulami saxlanılıblar.

Araşdırmalarla M.Əsədovun vətəndaşlara məxsus kartların məlumatlarını müxtəlif üsul və vasitələrlə əldə etdiyi müəyyən olunub.

İttihama görə, kartlarda olan külli miqdarda pul vəsaitini Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürüb. Pul vəsaitləri müxtəlif bankomatlarda nağdlaşdırılaraq saxlanılan şəxslər arasında bölünüb.

Dəstə üzvləri, həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə etməkdə təqsirləndiriliblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 177.3.2 (Oğurluq - külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə) 271.2.2 (Kompüter sisteminə qanunsuz daxil olma- qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) 178.2.2 (Dələduzluq - təkrar törədildikdə) 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan olunub.

Xəbər xətti