Birgə hərbi təlimlər işğalçının arxasındakı gücə mesajdır- Politoloq

Azərbaycan prezidenti İlham Əliyev bu ilin fevral ayında türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla Bakıda keçirdiyi görüşdən sonra mətbuata verdiyi açıqlamada hərbi əməkdaşlığın inkişafından da danışmışdı. “Təkcə keçən il 13 birgə hərbi təlim keçirilib, bu il təlimlər daha da çox olacaq” – deyən dövlət başçısı Azərbaycanın Türkiyədən müasir silahların alınmasını davam etdirəcəyini bu sözlərlə izah etmişdi: “Birgə istehsalın təşkil edilməsi barədə də danışmışıq”.

Azərbaycan -Türkiyə hərbi əməkdaşlığı hər zaman aktualdır. Bölgədə vəziyyət gərginləşən kimi hərbi əməkdaşlığın aktuallığı daha da artır. Çünki, Ermənistanın Tovuz istiqamətində təxribatının arxasında geosiyasi faktorların ola biləcəyi istisna edilmədi. Türkiyə rəsmiləri isə açıq dedilər ki, sərhəddəki gərginliyin arxasında böyük güclər dayanıb, Azərbaycandan keçən regional layihələrə zərər vurmaq istəyirlər. Elə buna görə də başda Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan olmaqla müttəfiq dövlətin xarici işlər və müdafiə nazirləri Azərbaycana istənilən dəstəyi verməyə hazır olduqlarını bildilər. Böyük məna kəsb edən bu ifadə hərbi əməkdaşlığın genişlənməsindən tutmuş Türkiyənin Azərbaycanda hərbi bazalarının yerləşdirməsinə qədər bəndləri nəzərdə tutur.

İyulun 29-da Azərbaycanla Türkiyənin növbəti birgə hərbi təlimləri keçiriləcək. Bu təlimlər əvvəlcədən razılaşdırılmış plana əsasən reallaşacaq. Buna baxmayaraq, builki hərbi təlimlərin çoğrafiyasının geniş olması diqqəti çəkir. Cəmi 10 gün ərzində iki ölkə ordusunun hərbi təlimləri Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək, yəni bütünlükdə Azərbaycan əhatə olunacaq. Bu çox vacibdir və işğalçıya, onun arxasındakı güclərə önəmli mesajdır. Türkiyə Qars müqaviləsiylə yalnız Naxçıvanın təhlükəsiliyinin təminatçısıdır. Ancaq birgə hərbi təlimlərin çoğrafiyası göstərir ki, Türkiyə üçün artıq bütöv Azərbaycanın təhlükəsiliyi önəm daşıyır. Bu gedişat iki ölkə arasında yeni hərbi sazişinın imzalanmasını diqtə edir.

Sərhəddəki münaqişədən sonra Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dəstəyini əldə edə bilməsə də, Moskva İrəvanı yalnız buraxmayıb. Rusiya mediasında Azərbaycan əleyhinə artan xəbər axını da bundan xəbər verir. İş o yerə çatıb ki, Ukraynada Rusiyaya bağlı separatçılar dezinformasiya yayaraq guya Ukraynanın rəsmi strukturlarının Azərbaycana muzdlu döyüşçülər göndərdiyini iddia ediblər. Rusiyanın Ermənistanla birgə pilotsuz uçuş aparatlarının neytrallaşdırlması ilə bağlı birgə təlimləri də Azərbaycana qarşı yönəlib. Əlbəttə, prezident İlham Əliyevin də dediyi kimi Azərbaycan təklikdə Ermənistanla məsələni həll edə bilər, ancaq Rusiya Ermənistanı tək buraxmayacaq. Ona görə də Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmaq Azərbaycan üçün həyati əhəmiyyətlidir.

Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

Tarix
27 İyul 2020 [18:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-27 18:14:16
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin