“Hazırda Günəşdə geomaqnit şəraitdəki növbəti həyəcanlaşmalar davam edir. Artıq G1 kateqoriyasına malik olan geomaqnit qasırğası baş verib. Hətta gün ərzində bu qasırğanın G2 kateqoriyalı qasırğaya keçməsi gözlənilir”.
Ucnoqta.az-ın məlumatına görə, bunu AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda Kp indeksi 5-ə bərabərdir: “Hazırda Günəşdən öz başlanğıcını götürən qaynar günəş plazma küləyinin sürəti saniyadə 600 km-ə çatıb. Bu da nisbətən böyük rəqəmdir. Çünki sürət “sakit” hallarda 350-400 km saniyə ətrafında olur. Külək artıq dünəndən yerətrafı fazaya çatıb. Yer monitosferinin qüvvə xətlərini sıxaraq onu həyəcanlaşdırır və nəticədə qasırğa baş verir”.
Rəsədxana rəsmisi qeyd edib ki, hazırda günəşin səthində ləkələr peyda olub: “Onların sayı bu gün üçün 23-ə bərabərdir və iki aktiv regionda birləşiblər. Əgər bu ləkələrdən hər hansı birində günəş alışması baş verərsə, günəş fırlanması səbəbindən onlarda olan effektlər yerə birbaşa öz təsirini göstərəcək”.
“Dünən və bu gün baş verən geomaqnit qasırğasının başvermə səbəbi günəş səthində formalaşmış növbəti tac dəliyi ilə bağlıdır” - deyən E.Babayev bildirib ki, maqnit həyəcanlaşmasının baş verməsinə səbəb olan digər amil planetlərarası maqnit sahəsinin istiqamətidir: “Planetlərarası maqnit sahəsinin Z komponenti cənuba doğru yönələrsə, maqnit həyəcanlaşması daha artmış olur. Bu gün günortaya qədər istiqamət cənubu göstərsə də, qısa müddətdə şimalı göstərib. Geomaqnit qasırğası gün ərzində davam edəcək”.
O həmçinin vurğulayıb ki, hazırda qasırğa maksimum fazasındadır: “İki gündən sonra qasırğa əvvəlki vəziyyətinə qayıdacaq. Bu dəfə baş verən qasırğa heç də deyildiyi kimi güclü deyil. Bu, təkrarlanan orta səviyyəli qasırğalardan biridir”.