Ekspert ABŞ təcrübəsinin ölkədə tətbiqinin tərəfdarıdır. “Dolların manata nisbətən həm rəsmi, həm də bazar məzənnəsinin yüksəlməsi xarici valyutada olan kreditlərin ödənilməsinə təsirsiz ötüşmür. Bu eyni zamanda, problemli kreditlərin həcminin artmasına gətirib çıxarır. Güman olunur ki, dolların bahalaşması problemli kreditlərin həcmini daha artıracaq. Problemi necə həll etmək olar?
ABŞ təcrübəsindən istifadə edilərək problemli kreditlərin və aktivlərin dövlət tərəfindən alınaraq sağlamlaşdırılmasını təklif edirəm. Belə ki, qlobal maliyyə böhranından sonra, 2008-ci ildə ABŞ-da İqtisadiyyatın Stabilləşməsi üzrə Fövqalədə Akt və buna uyğun olaraq da Problemli Aktivlərin Sağlamlaşdırılması Proqramı (TARP) qəbul edildi”.
Oxu.Az-ın məlumatına görə, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (CESD) Vüqar Bayramov bildirib.
“426 milyard dolların xərcləndiyi bu proqramda əsas məqsəd problemi aktivlərin satın alınması və sağlamlaşdırılması oldu. Təbii ki, proqramın problemi aktivlərin qiymətləndirilməsi, onların səhmləşdirilməsi kimi inzibati problemləri olsa da, bütövlükdə sözügedən təşəbbüs uğurlu oldu.
Bu baxımdan, Azərbaycanda da Problemli Kreditlərin Sağlamlaşdırılması Proqramının (PKSP) qəbul edilməsi vacibdir. Bu proqram çərçivəsində kreditlərin re-struktruzasiyasının aparılması, onların dövlət tərəfindən satın alınaraq səhmləşdirilməsi və bazara çıxarılması və o cümlədən yeni güzəşt mexanizmlərinin müəyyələşdirilməsi mümkündür.
Nəticədə bu ABŞ-da olduğu kimi problemli kreditlər məsələsinin xeyili dərəcədə yumşalmasına, vətəndaşların banklardan borc asılılığının azalmasına, eləcə də bankların özlərinin sağlamlaşdırılmasına səbəb ola bilər. Qeyd edim ki, bu proqram ilə bağlı təkliflərimi artıq hökumətə təqdim etmişəm və inanmaq istərdim ki, bu istiqamətdə fəaliyyət güclənəcək”, - deyə o qeyd edib.