Sosial mediada yaş məhdudiyyətlərini pozan platformalar üçün cəzaları ikiqat artırılır

11:21 - 28 İyun 2026 - Xəbər

Avstraliya hökuməti 16 yaşdan kiçikləri hədəf alan sosial media qaydalarına əməl etməyən şirkətlər üçün maksimum cərimənin ikiqat artırılacağını və 99 milyon Avstraliya dollarına qaldırılacağını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, ABC News-un məlumatına görə, Avstraliya hökuməti sosial media məhdudiyyətlərinin tətbiqini gücləndirmək və texnologiya şirkətlərinə qarşı sanksiyaları sərtləşdirmək üçün qanun layihəsi hazırlayıb.

Yeni qaydalar Avstraliyanın elektron təhlükəsizlik komissarı Julie Inman Grantın səlahiyyətlərini genişləndirəcək. Grant sosial media şirkətlərindən yaş məhdudiyyətinin tətbiqi üçün gördükləri tədbirlərlə bağlı sübut tələb edə biləcək.

Platformalara yaş təsdiqləmə xidmətləri göstərən üçüncü tərəf şirkətləri də məlumat vermək məcburiyyətində qalacaqlar.

Baş nazir Anthoni Albanese verdiyi açıqlamada xatırladıb ki, 2025-ci ilin dekabr ayından bəri sosial media platformaları 16 yaşdan kiçik istifadəçilərin hesab yaratmasının və ya mövcud hesablardan istifadə etməsinin qarşısını almaq üçün "ağlabatan addımlar atmaq" məcburiyyətindədir və böyük texnologiya şirkətlərinin qanuna riayət etmək üçün kifayət qədər səy göstərmədiyini bildirib.

Albanese hələ də çox sayda uşağın sosial mediadan istifadə etdiyini bildirib və şirkətlərin öhdəliklərini yerinə yetirməməsi halında tətbiq edilə biləcək maksimum cərimənin 49,5 milyon Avstraliya dollarından 99 milyon Avstraliya dollarına qədər artırılacağını açıqlayıb.

Hökumətin məlumatına görə, qərar qüvvəyə mindiyi vaxtdan bəri 16 yaşdan kiçik istifadəçilərə məxsus 5 milyondan çox hesab silinib, deaktiv edilib və ya bloklanıb.

Avstraliyada 16 yaşdan kiçik şəxslərin sosial media platformalarına girişi ilə bağlı hüquqi tənzimləmə 10 dekabr 2025-ci ildə qüvvəyə minib.

Qaydaya əsasən, X, Instagram, Facebook, TikTok, YouTube, Snapchat kimi şəbəkələr, eləcə də Reddit, Twitch, Threads və Kick daxil olmaqla 10 platforma yaş məhdudiyyətlərinə məruz qalır.

Avstraliya hökuməti bu qanunla alqoritmlərin və zərərli məzmunun uşaqlara və gənclərə mənfi təsirini azaltmağı hədəfləyir.

Şirkətlər 16 yaşdan kiçik uşaqlara məxsus hesabları silmək üçün ağlabatan addımlar atmadıqları təqdirdə 49,5 milyon Avstraliya dolları məbləğində cərimə ilə üzləşirlər.

Xəbər xətti