Siyəzəndə şəhid ailəsi üzvləri və müharibə iştirakçılarına hüquqi konsultasiya xidməti göstərilib

11:18 - 25 İyun 2026 - ÖLKƏ İÇİ

Siyəzən rayonunda şəhid ailəsi üzvləri və müharibə iştirakçılarına hüquqi konsultasiya xidməti göstərilib.

Ucnoqta.az xəbər verir ki, görüş “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Müharibədən zərərçəkən və həssas qruplardan olan şəxslər üçün hüquqi konsultasiya xidmətləri” layihəsi çərçivəsində təşkil olunub. Görüşdə 12 nəfər Siyəzən rayon sakini iştirak edib. 

Həyata keçirilən fəaliyyətlə bağlı iştirakçılara məlumat verən layihə rəhbəri Xalid Kazımov bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan layihə Ağsu, Qobustan, Siyəzən və Şabran rayonlarının ərazisini əhatə edir:

“Layihənin əsas məqsədi Bərdə, Ağsu, Qobustan, Siyəzən və Şabran rayonunda yaşayan müharibədən zərər çəkən və digər həssas aztəminatlı qruplardan olan (Azərbaycanın digər ərazilərindən onlayn müraciət edənlərə hüquqi konsultasiya xidməti göstəriləcək və məhkəmə sənədləri hazırlanacaq) şəxslərə pulsuz hüquqi konsultasiya xidməti göstərmək, məhkəmədə hüquqi müdafiəsini təşkil etməklə problemlərinin həll edərək sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dəstək göstərməkdir. Ağsu və Qobustan rayonlarında edilən müraciətlərlə bağlı bütün sənədlər hazırlanaraq aidiyyatı üzrə yönləndirilib. Bu gün edilən müraciətlər əsasında tələb olunan sənədlər də yaxın bir həftə ərzində hazırlanacaq. Burada ümumi şəkildə kim müraciətin səsləndirmək istəyirsə, dinləyəcəyik. Kim hüquqşünasla fərdi görüşmək istəyəcəksə, buna da şərait yaradacağıq”.

Daha sonra çıxış edən Siyəzən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kənan Əliyev keçirilən tədbirin iştirakçılar üçün faydalı olacağını qeyd etdi.

Görüş zamanı layihənin hüquqşünası Araz Nurməmmədov hüquqi problemlərlə bağlı müraciət edən şəxsləri ümumilikdə və fərdi şəkildə qəbul etdi. 

Müraciətlər əsasən müharibə veteranları və şəhid ailəsi üzvlərinin mənzillə, işlə təminatı, şəhid ailəsi üzvü üçün nəzərdə tutulan birdəfəlik müavinətin ödənilməməsi, şəhid adının əbədiləşdirilməsi, şəhidlərin adına verilən küçə adlarının elektron sistemdə görünməməsi, şəhid ailələri üçün nəzərdə tutulan imtiyazlarla bağlı olub. 

Görüş zamanı 4 nəfərin dövlət qurumlarına müraciətləri hazırlanaraq vətəndaşlara təqdim edilib. Digər vətəndaşların sənədlərinin surətləri götürülüb və müvafiq qeydlər aparılıb. Qarşıdakı günlərdə vətəndaşların sənədləri hazırlanaraq imzalanıb aidiyyatı qurumlara göndərilməsi üçün benefisiarlara çatdırılacaq.  

Qeyd edək ki, layihə çərçivəsində Azərbaycanın bütün ərazisindən daxil olan onlayn müraciətlər əsasında da müharibə iştirakçılarına onlayn hüquqi konsultasiya xidməti göstərilir. Onlayn müraciətlər e-mail (huqugiyardim@gmail.com) “Qaynar xətt” (0702902299) xidməti, “facebook” (Pulsuz Hüquqi Yardım), “İnstagram” (huquqiyardim_pulsuz) və “WhatsApp” (0702902299) vasitəsi ilə qəbul olunur.


Xəbər xətti