Azərbaycanda 26 İyun – Silahlı Qüvvələr Günü qeyd olunur

09:00 - 26 İyun 2026 - Xəbər

Bu gün Azərbaycanda 26 İyun – Silahlı Qüvvələr Günü qeyd edilir. Bu əlamətdar tarix Azərbaycan Ordusunun yaranması və inkişaf yolunu, həmçinin dövlətin müdafiə qüdrətini təcəssüm etdirən mühüm günlərdən biridir.

Müasir Azərbaycan Ordusunun təməli 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, AXC dövlət quruculuğu ilə yanaşı, milli ordu yaradılması istiqamətində də mühüm addımlar atdı. Həmin dövrdə ölkənin üzləşdiyi mürəkkəb hərbi-siyasi vəziyyət güclü silahlı qüvvələrin formalaşdırılmasını zəruri edirdi.

1918-ci il iyunun 26-da AXC hökumətinin qərarı ilə ilk milli hərbi hissə – Əlahiddə Korpus yaradıldı. Bununla da Şərqdə ilk demokratik respublikanın milli ordusunun hüquqi əsası qoyuldu. Sonrakı mərhələdə hərbi xidmət haqqında fərman imzalandı və qısa müddətdə milli ordu quruculuğunda mühüm nəticələr əldə edildi. Azərbaycan Milli Ordusu erməni silahlı birləşmələrinin hücumlarının qarşısını dəfələrlə uğurla aldı.

Müstəqilliyin bərpasından sonra Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında qanun qəbul etdi. Daha sonra Prezidentin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən, 26 iyun rəsmi olaraq Silahlı Qüvvələr Günü elan edildi.

Bu tarix münasibətilə 2011-ci ildə Silahlı Qüvvələr Günü və dövlət müstəqilliyinin bərpasının 20 illiyi, 2013-cü ildə isə Silahlı Qüvvələrin yaradılmasının 95 illiyi münasibətilə Bakıda möhtəşəm hərbi paradlar keçirildi.

Azərbaycan Ordusunun şanlı tarixinin ən parlaq səhifəsi isə 2020-ci ildə yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu tarixi Qələbə qazanaraq ölkənin ərazi bütövlüyünü bərpa etdi və uzun illər işğal altında qalmış torpaqları azad etdi.

Bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordularından biri hesab olunur və ölkənin təhlükəsizliyinin, müstəqilliyinin və suverenliyinin etibarlı təminatçısı kimi fəaliyyətini davam etdirir.

Xəbər xətti