Dövlət İmtahan Mərkəzi imtahanlarda təhlükəsizliyin artırılması məqsədilə buraxılış rejimini aparan əməkdaşların fəaliyyətinin təkmilləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və şəffaflığın artırılması istiqamətində davamlı işlər aparılır.
Ucnoqta.az DİM-ə istinadən xəbər verir ki, mərkəz görülmüş işlərin tərkib hissəsi olaraq müxtəlif peşə sahələrində çalışan ictimaiyyət nümayəndələrinin imtahan prosesində buraxılış rejimini aparan əməkdaş qismində cəlb edilməsi üçün elektron qeydiyyata başlayır.
Qeydiyyat prosesi 10 oktyabr – 3 noyabr (saat 10:00-dək) tarixlərində aparılır.
Qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikasının vətəndaşı olan, məhkumluğu olmayan, ali və ya orta ixtisas təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda hal-hazırda rəsmi işləyən (və ya iş yerinin olub-olmamasından asılı olmayaraq pedaqoji profilli ixtisaslar üzrə bakalavr ixtisas dərəcəsi olanlar), yaşı 21-40 arasında olan, həmçinin fiziki və psixoloji cəhətdən sağlam olan qadınlar müraciət edə bilərlər. Zal nəzarətçisi kimi qeydiyyatdan keçən şəxslərin buraxılış rejimi əməkdaşı qismində iştirakına icazə verilmir.