Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün noyabrın 3-də növbəti imtahan keçirəcək. İmtahanda iştirak etmək üçün DİM-ə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim olunub.
Bu barədə DİM-dən məlumat verilib. Həmin şəxslər oktyabrın 24-dək (saat 12:00-dək) qeydiyyatdan keçməlidirlər.
İmtahan vermək üçün sürücülər DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək qeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanı DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) və Gəncə regional bölməsində keçiriləcək. Namizədlər imtahana buraxılış vərəqəsini qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsi ilə çap edə biləcəklər.
Bir saat davam edən imtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. On və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara yeddi il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.