Məşhur iş adamı ilə keçmiş həyat yoldaşı arasında QALMAQAL: Azyaşlı övladı...

14:20 - 21 İyun 2025 - Xəbər

"Face Studio" gözəllik salonları və bir sıra biznes obyektlərinin, restoranların sahibi Rüfət Badirov 5 yaşlı oğlunu keçmiş həyat yoldaşından almağa çalışır.

Manşet.az-ın əldə etdiyi məlumata görə, tərəflər boşanmaq üçün məhkəməyə müraciət edib. Artıq boşanmaq prosesi yekunlaşıb. Lakin digər məhkəmə müstəvisində bir sıra müəmmalı məqamlar narazılığa səbəb olub. Belə ki, heç bir əsas göstərilmədən və hüquqi əsaslandırma aparılmadan, Fidan Həsənovanın Azərbaycan dilini yaxşı bilməməsindən istifadə olunaraq, 9 saylı Mediasiya təşkilatının (mediator Mehriban Qafarova) tərtib etdiyi barışıq sazişində ananı aldadaraq azyaşlı övladını atasına vermə barədə razılaşma imzalanıb.

Bu nüansları əsas götürən məhkəmə də uşağın atanın yanında saxlanması barədə qərar qəbul edib.  Birinci instansiya prosesi Xətai Rayon Məhkəməsində hakim Pərviz Zamanlının sədrliyi ilə, apellyasiya mərhələsi isə hakim Məmməd Məmmədovun rəhbərliyi ilə keçirilib. Hər iki instansiyada uşaq atasında qalıb.

Ana Fidan Həsənova məhkəmə proseslərinin qərarlarından narazı qalıb və Ali məhkəməyə müraciət edib. İşin maraqlı tərəfi bundan ibarətdir ki, uşaq  ataya verilsə də, sazişdə hər ay anaya 10 min manat aliment ödənilməsi nəzərdə tutulur.  Belə məqamda sual yaranır. Əgər uşaq atadadırsa, aliment nəyə və hansı əsasla anaya ödənilir? Buradan belə nəticəyə gəlmək olur ki, adıçəkilən barışıq sazişi Fidan Həsənovanın aldadılması ilə bağlı tərtib olunmuş bir sənəd olub. Bu kimi ziddiyyətli məqamlar məhkəmələr tərəfindən nəzərə alınmadan "Face Holding"in rəhbəri Rüfət Badirovun xeyrinə çıxarılıb. Hazırda iş Ali məhkəmədədir. Ali məhkəmənin qərarı maraqla gözlənir. 

Qeyd edək ki, Fidan Həsənova tanınmış rəssamlardan biridir. Onun Azərbaycanda və ölkədən kənarda bir çox rəsm sərgiləri keçirilib.

Xəbər xətti