“Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışının region mərhələsi keçirilib

17:35 - 23 Aprel 2025 - ÖLKƏ İÇİ

Aprelin 23-də Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində təşkil olunan “Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışının region mərhələsi keçirilib

Ucnoqta.az xəbər verir ki, tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, idarənin struktur bölmə rəhbərləri, Şəki şəhər İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasiyeva, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər.

Yarış Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bilik yarışının açılış mərasimində çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova olimpiadanın əhəmiyyətindən danışıb, bu cür yarışların şagirdlərin intellektual inkişafında və onların gələcək uğurlarında mühüm rol oynadığını vurğulayıb.

Daha sonra çıxış edən Şəki şəhər İcra Hakimiyyətinin əməkdaşı Anar Məmmədov və Azərbayan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasiyeva iştirakçılara uğurlar arzulayıblar.

Açılış mərasimində Şəki şəhər R.Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri tərəfindən musiqi və rəqs nömrələri təqdim olunub.

Bilik yarışında hər bir yerli təhsil sektorundan 6 nəfərdən ibarət IX-XI sinif şagirdləri riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələri üzrə səsləndirilən sualları cavablandırıblar.

Məlumat üçün bildiririk ki, “Zəkaların mübarizəsi” olimpiadasının keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, onların dünyagörüşünün genişləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, müxtəlif regionlardan olan şagirdlər arasında dostluq əlaqələrinin qurulması və ümumilikdə, öyrənməyə təşviq etməkdən ibarətdir. 

Bilik yarışının yekun nəticəsinə əsasən Şəki rayon üzrə təhsil sektorunun şagirdlərindən ibarət komandası region mərhələsinin qalibi olub. Qalib komanda “Zəkaların mübarizəsi” olimpiadasının respublika mərhələsində Şəki-Zaqatala Regional Təhsil İdarəsini təmsil edəcək. 


Xəbər xətti