“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Məktəbli münaqişələrinin həllində “həmyaşıd vasitəçiliyi”nin tətbiqi” layihəsinin icrasını davam etdirir.
Ucnoqta.az xəbər verir ki, layihənin əhatə etdiyi pilot siniflərdə təhsil alan şagirdlərin maarifləndirilməsi üçün hazırlanan “Həmyaşıd vasitəçiliyi” adlı buklet artıq çap edilib. Bukletdə “Həmyaşıd vasitəçiliyi”nin tətbiqi qaydası, bu prosesin Mediator şagirdlər, pilot məktəblər və ümumilikdə, sağlam pedaqoji mühitin formalaşdırılmasına təsiri ilə bağlı məlumatlar yer alıb. Buklet artıq pilot məktəblərə çatdırılıb və qarşıdakı həftədə şagirdlərə paylanılacaq.
Layihə çərçivəsində “Həmyaşıd vasitəçiliyi”nin tətbiqi zamanı istifadə olunacaq 15 ədəd mediasiya stolu və 45 ədəd stul alınıb. Mediasiya stolları və stullar hər məktəbə 1 ədəd mediasiya stolu və 3 ədəd stul olmaqla 15 pilot məktəbə artıq çatdırılıb.
Qeyd edək ki, bu həftə məktəb psixoloqları və uşaq birliyi rəhbərləri üçün “Həmyaşıd vasitəçiliyi”nin tətbiqi ilə bağlı onlayn təlim keçiriləcək.