Son 20 ildə talassemiyadan ölüm halı 5 dəfə azalıb - Nazir

11:32 - 30 Yanvar 2025 - Cəmiyyət

İlkin tibbi sanitariya yardımına yanaşma yalnız kompleks şəkildə olmalıdır.

Ucnoqta.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, müstəqillik illərində Azərbaycanda davamlı olaraq, səhiyyə sektorunda islahatlar həyata keçirilir: “Prezident İlham Əliyevin siyasətinin əsasında Azərbaycan vətəndaşının rifahı və onun sağlamlığının qorunması dayanır. Səhiyyəyə ayrılan vəsait 30 dəfə artırılıb. Eyni zamanda 700-dən artıq tibb müəssisəsində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bunların 70 %-dən çoxu regionlarda yerləşən tibb müəssisələri və ambulator müəssisələrdir”.

Teymur Musayev qeyd edib ki, son 20 ildə qan xəstəlikləri ilə mübarizə tədbirləri gücləndirilərək talassemiyadan ölüm sayları 5 dəfə azaldılıb: “2023-cü ildə Azərbaycan malyariyadan tam azad ölkə kimi qeydiyyatdan keçib. 2021-ci ilin aprel ayından etibarən ölkəmizin bütün ərazilərində icbari tibbi sığortanın tətbiqi əhalinin bir sıra tibb xidmətlərinə əlçatanlığını fantastik şəkildə artırıb. 3315 tibb xidməti hazırda xidmətlər zərfinə daxildir, müəyyən sahələr üzrə cərrahi əməliyyatların sayı 89 % artıb. Bu özü göstərir ki, maliyyəni alaraq əhaliyə yüksək səviyyəli tibb xidməti göstərə biləcək tibbi infrastruktur mövcuddur. Son illərdə tətbiq olunan icbari tibbi sığorta tətbiqi bizi ilkin tibbi sanitariya yardımına yenidən baxılmasını, təkmilləşməsini zəruri edir. İlkin tibbi sanitariya xidmətinə müasir baxış bugünkü dinləmədə təmin olunacaq. Bu sahədə əl-ələ verərək ölkəmizdə müasir səhiyyə sisteminin tələblərinə cavab verən ilkin tibbi sanitariya xidmətini əhalimizin istifadəsinə verə biləcəyik”.///apa

Xəbər xətti