Pedaqoji heyət üçün metodiki seminarlara start verilib - FOTO

13:12 - 30 Yanvar 2025 - Xəbər

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bütün təhsil müəssisələrinin pedaqoji heyəti üçün metodiki seminarlar keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, 30-31 yanvar tarixlərində idarənin tabeliyində olan təhsil müəssisələrində keçiriləcək metodiki seminarların əsas məqsədi 2024-2025-ci tədris ilinin I yarımili üzrə qiymətləndirmə nəticələrinin təhlili, hesabatlılıq və məsuliyyət bölgüsünün gücləndirilməsi, təhsil müəssisələrində inkişaf prosesinin monitorinqi, eləcə də yerlərdən daxil olan təkliflərin dinlənilməsi və müzakirəsidir.

İclaslarda fənlərin tədrisi metodikası üzrə müəllimlərin təcrübə mübadiləsinin təmin edilməsi, qarşıya çıxan çətinliklərin II yarımildə aradan qaldırılması üçün görüləcək praktik tədbirlərin müəyyənləşdirilməsi, həmçinin ötən tədris illlərində keçirilmiş IV sinif monitorinq imtahanlarının, IX və XI sinif buraxılış imtahanlarının nəticələrinin müqayisəli təhlili və cari tədris ili üzrə göstəricilərin yaxşılaşdırılması məsələləri diqqət mərkəzində olub.

Bununla yanaşı, təhsilverənlər arasında effektiv kommunikasiyanın və əməkdaşlığın təşviqi, məktəbəqədər təhsil müəssisələrində idarəçilik və təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, eləcə də məktəbdənkənar təhsil müəssisələrində dərnək qruplarında fəaliyyətin səmərəli təşkili mövzularında müzakirələr aparılıb.

İclaslar çərçivəsində qeyd edilən məsələlərlə bağlı çıxışlar dinlənilib, geniş müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.

Qeyd edək ki, metodiki seminarlar region üzrə ümumilikdə 11 mərkəzdə olmaqla 173 otaq və ya zalda təşkil olunacaq. Hər bir seminar qruplarında orta hesabla 25-30 təhsil işçisinin iştirakı nəzərdə tutulduğundan, iclaslara təxminən 5000 nəfərdən artıq təhsil işçisinin qatılması gözlənilir.


Xəbər xətti