Dövlət Departamenti bütün ABŞ səfirliklərinə potensial təhdidlərə hazırlaşmaq və İrana qarşı ABŞ-İsrail hərbi əməliyyatı ilə əlaqədar əlavə təhlükəsizlik tədbirlərini nəzərdən keçirmək əmri verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə The Washington Post (WP) qəzeti ABŞ Dövlət Departamentinin daxili yazışmalarına istinadən məlumat yayıb.
Nəşrin aydınlaşdırdığı kimi, "Dövlət Departamenti "Yaxın Şərqdəki mövcud və inkişaf edən vəziyyət və onun potensial təsirləri"ni əsas gətirərək, dünya üzrə bütün ABŞ diplomatik nümayəndəliklərinə "təcili" təhlükəsizlik qiymətləndirməsi aparmaq əmri verib.
Nəşr qeyd edir ki, ABŞ Dövlət Katibi Marko Rubio amerikalı diplomatlara potensial təhdidləri müəyyən etmək və cavab planları hazırlamaq üçün işçi qrupları yaratmağı tapşırıb.
Qəzetin məlumatına görə, son həftələrdə bu cür təlimatlar yalnız Yaxın Şərqdəki ABŞ səfirliklərinin işçilərinə verilib.
İndi onlar bütün ABŞ diplomatik nümayəndəliklərinə paylanıb. Nəşrin qeyd etdiyi kimi, bu, dünya üzrə bütün diplomatik nümayəndəliklərinə İrandakı müharibə ilə əlaqədar təhlükəsizlik tədbirlərini nəzərdən keçirmək əmri verildiyi ilk dəfədir".