Bakıya niyə qar yağmır? -  AÇIQLAMA

19:38 - 30 Yanvar 2025 - Cəmiyyət

Artıq yanvar ayı bitir, ancaq hələ də Azərbaycanda, xüsusilə də Bakıda havalar mülayim keçir. Dekabrın sonlarına doğru Bakıda az miqdarda qar yağsa da, bunun davamı olmadı. Hazırda qış fəsli olmasına baxmayaraq, havalar payızdan fərqsiz keçir. Bəs Bakıya niyə qar yağmır?

Bu barədə meteoroloq Cavid Hüseynov Metbuat.az-a bildirib ki, Bakıda və Abşeron yarımadasında qışı mülayim, yayı quraq və isti keçən yarımsəhra və quru çöl iqlim tipi hakimdir. Bakı şəhərinin Xəzər dənizi sahilində yerləşməsi və dənizə yaxınlığının iqliminə əhəmiyyətli təsir göstərməsi qış fəslinin mülayim keçməsinə səbəb olur:

“Abşeron yarımadası və ona yaxın olan yerlərdə orta çoxillik dövrdə qarlı günlərin sayı il ərzində 2–4 gün, qar örtüyünün ən böyük ongünlük qalınlıqlarının orta kəmiyyəti 3-5 sm təşkil edir. Son onilliklərdə Günəş aktivliyi ilə əlaqədar radiasiya axınının dəyişməsi ilə yanaşı,sənayenin inkişafı ilə bağlı antropogen amillərin (üzvi yanacağın yanması nəticəsində atmosferin qaz tərkibinin dəyişməsi, atmosferin aerozol tərkibində dəyişikliklər, ətraf mühitə istilik emissiyalarının atılması, səthin strukturunda dəyişikliklər və s.) də regional iqlimə təsiri nəticəsində Bakıda və Abşeron yarımadasında orta illik temperaturun və isti günlərin sayının artması, həmçinin yağıntıların azalması tendensiyası müşahidə olunur”.

Mütəxəssisin sözlərinə görə, bu dəyişikliklərin şəhər mühitinə əhəmiyyətli təsir göstərməsi şəhər infrastrukturunun uyğunlaşdırılmasını və iqlim dəyişikliyinə davamlılığın artırılması üçün tədbirlərin həyata keçirilməsini tələb edir:

“Qış fəslinin iqlim xüsusiyyətlərinə görə ölkəmiz adətən yanvar və fevral aylarında tez-tez arktik hava kütlələrinin təsirinə məruz qalır. Belə ki, fevral ayının ikinci yarısında temperaturun bəzi günlərdə qısa müddətə normadan aşağı düşəcəyi ehtimal olunur”.

Xəbər xətti