İsrailin milli təhlükəsizlik naziri, ifrat sağçı Otzma Yehudit (Yəhudi Gücü) partiyasının lideri İtamar Ben-Qvir Livanda atəşkəs mümkünlüyünü tənqid edib.
Ucnoqta.az xəbər verir ki, o, X sosial şəbəkəsindəki səhifəsində yazıb. Onun fikrincə, "Hizbullah" təşkilatı ilə ABŞ və Fransanın vasitəçiliyi ilə tezliklə bağlana biləcək razılaşma “tarixi səhv” olacaq.
“Bu, atəşkəs deyil, “sükut müqabilində susmaq” anlayışına qayıdışdır və bunun nəyə gətirib çıxardığını artıq görmüşük. Bu razılaşma müharibənin məqsədini - şimal sakinlərinin evlərinə təhlükəsiz qayıtmasını təmin etmir”, - Ben-Qvir qeyd edib.
Ben-Qvirin sözlərinə görə, Livan-İsrail sərhədində vəziyyətin sabitləşdirilməsində Livan ordusunun iştirakını nəzərdə tutan istənilən razılaşma çox kövrək olacaq. “Livan ordusunun gücü yoxdur və təbii ki, "Hizbullah"la mübarizə aparmaq iqtidarında deyil. Livandan çıxmaq üçün bizə öz təhlükəsizlik kəmərimiz lazımdır. Artıq gördük ki, özümüzdən başqa heç kimə güvənməməliyik. Əks halda, Manara, Avivim, Kiryat Şmona, bütün şimala və bütün İsrail dövlətinə raketlər atılacaq və sonda yenidən Livana qayıtmalı olacağıq. Bu, tarixi səhvdir”, - siyasətçi hesab edir.