Gürcüstan Respublikasının Mərkəzi Tarix Arxivində saxlanılan bir sənəddən belə məlum olur ki, Oğuz rayonundakı Yaqublu kəndində ilk dünyəvi təhsil müəssisəsi 30 sentyabr 1898-ci ildə açılıb.
Həmin sənəddə göstərilir ki, ilk dəfə məktəbə 31 nəfər şagird cəlb olunubmuş. Məktəb əhalinin gücü ilə saxlanılırdı və dərslər rus dilində keçirilirdi. Tədris planına şəriət, rus dili ilə yanaşı başqa dillər, hesab, coğrafiya, tarix, ədəbiyyat və rəsm daxil idi.
Lakin baş vermiş mürəkkəb içtimai-siyasi hadisələr səbəbindən məktəb XX əsrin əvvəllərində öz fəaliyyətini dayandırmışdı.
1930-cu illərin əvvəlinə kimi kənddə ana dilli milli təhsil müəssisəsinin açılmasına dəfələrlə cəhdlər edilsə də, mümkün olmamışdı. Kənd camaatı 1919-cu ildə AXC-nin Maarif və Dini Etiqad naziri N.Yusifbəyliyə Yaqubluda məktəb açılmasına köməklik etmək barədə müraciət etsə də, bu müraciət AXC-nin devrilməsi ilə nəticəsiz qalmışdı.
Nəhayət, 1934-cü ilin dekabr ayının 15-də kənddə yenidən dünyəvi təhsil verən ibtidai məktəb açıldı. Beləliklə, Yaqubluda dünyəvi milli məktəbin əsası qoyuldu. Məktəb kəndin şimal-şərq hissəsində üstü torpaqla örtülmüş, daş divarlı, iki otaqlı köhnə binada yerləşirdi.
1930-ci illərin sonlarında buradakı kolxozun köməyi ilə kəndin mərkəzində 4 otaqlı yeni məktəb binası tikilmiş və 1945/1946-cı dərs ilində ibtidai məktəb natamam orta məktəbə çevrilmişdi. 1946/1947-ci dərs ilində məktəbdə 134 nəfər şagird oxuyurdu. Şagird kontingenti, əsasən, Yaqublu və Yenikənd kəndlərində yaşayan uşaqları əhatə edirdi.
1950-ci illərin əvvəlində kəndin cənub qurtaracağında və ümumi sahəsi 300 kv.metr olan 6 otaqlı yeni məktəb binası istifadəyə verilmişdi. Öz dövrünə görə həmin bina rayonda ən yaxşı məktəb binalarından sayılırdı.
1954/1955-ci tədris ilində məktəbin 7 sinif komplektində 63 nəfər (29 nəfəri qız) təhsil alırdı.
1961/1962-ci tədris ilindən 8 illik təhsil sisteminə keçilmiş,1960-ci illərin birinci yarısında məktəb üçün əlavə olaraq 4sinif otağı da tikilmişdi. 1967-ci ildə məktəbdə 65 nəfəri qız olmaqla 158 nəfər təhsil alırdı.
1960-ci illərin sonuna kimi məktəbin müəllimləri tədris işi ilə yanaşı kənddə savadsızlığın ləğvində də fəal iştirak edirdilər. Onlar yazıb-oxuya bilməyən kənd sakinləri ilə fərdi məşğələlər aparır, onlara yazmaq və oxumaq öyrədirdilər.
Yaqublu kənd natamam məktəbi 1971/1972- ci dərs ilindən orta məktəbə çevrilmişdi. Orta məktəbin ilk buraxılışı 1973-cü ildə olmuşdu. Həmin il məktəbi 22 nəfər bitirmişdi.
1970-ci illərin əvvəlindən məktəbdə kəndli gənclərin orta təhsil alması üçün axşam sinifləri fəaliyyətə başlamışdı. Sonralar bu siniflər qiyabi təhsil qrupları ilə əvəz olunmuşdu. Həmin illərdə məktəbdə günüuzadılmış qruplar da fəaliyyətə başlamışdı.
1980-ci illərdə məktəb əsaslı təmir olunmuş, yenidən 4 əlavə sinif otağı, tədris emalatxanası, yeməkxana tikilmiş, müasir və yeni fənn kabinetləri quraşdırılmış, çoxlu əyani və texniki təlim vasitələri alınmış, rayonda ilk dəfə olaraq burada kompleks idman meydançası istifadəyə verilmişdi.
1992/1993-cü dərs ilində məktəbin 11 sinif komplektində 210 nəfər şagird təhsil alır, iki günüuzadılmış qrup fəaliyyət göstərirdi. Şagirdlərin təlim- tərbiyəsi ilə 23 nəfər pedaqoji işçi məşğul olurdu.
Məktəb binası qəzalı vəziyyətə düşdüyünə görə 2012-ci ildə 220 yerlik yeni məktəb binasının tikilməsinə başlandı. Tikinti işləri 2015-ci ilin yazında başa çatdırıldı. 5 mart 2015-ci il tarixdə Oğuz rayonunun Yaqublu kənd T.Babayev adına tam orta məktəbinin yeni tədris binasının təntənəli açılış mərasimi olmuş və burada ideal iş şəraiti yaradılmışdır.
2016/2017-ci dərs ilindən məktəbə hazırlıq qrupları fəaliyyətə başlamışdı.
Araşdırmalar göstərir ki, XXI əsrin əvvəllərindən təlim-tərbiyə işlərində müsbət dinamika yaranmış və bu gün də davam etməkdədır.
Bunları DİM-nin buraxılış, ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının nəticələrinə dair statistik rəqəmləri də sübut edir.
Son 3 ildə məktəbin IX sinif üzrə buraxılış imtahanlarının nəticəsində müsbət dinamika vardır. 2022-ci ildə IX sinif üzrə buraxılış imtahanın nəticələrinə görə məktəb rayon məktəbləri arasında V yerdə qərar tutmuşdur. Həmin il məktəbin tam orta təhsil kursunu başa vurmuş məzunların 50%-dən çoxu ali və orta ixtisas məktəblərinə qəbul olmuşlar. DİM-də məzunlarımızdan 610.900 bal toplamış və BDU-nun "Riyaziyyat müəllimliyi" ixtisasına qəbul olunmuş 2020-ci il məzunu S.Həsənli; 596.700 bal toplamış və BDU-nun "Dövlət və ictimai münasibətlər" ixtisasına qəbul olunmuş 2020-ci il məzunu S.İsayeva; 596.000 bal toplamış, ADNSU-nun "Neft-qaz qurğuları mühəndisliyi" ixtisasına qəbul olunmuş 2014-cü il məzunu S.Əliyev; 586 bal toplayaraq ADNSU-nun informasiya təhlükəsizliyi ixtisasına qəbul olmuş 2022-ci il məzunu Ü.İsayev və digər 10 nəfər abituriyent məktəbin qabaqcıl məzunları kimi qeydə alınmışlar.
Məktəbin şagirdləri həmçinin son 20 il ərzində fənn olimpiadalarında, müsabiqə, baxış, festival və müxtəlif yarışlarda müntəzəm və ardıcıl olaraq fərqlənərək diplom, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlan- dırılmışlar.
Məktəbdə gənc nəslin milli-mənəvi və bəşəri dəyərlər ruhunda təriyəsi işləri də diqqət mərkəzində saxlanılır.
Məktəbin məzunlarının, demək olar ki, hamısı həyatda öz layiqli yerini tapmış, xalqına, Vətəninə, elinə-obasına faydalı adamlar olmuşlar.
Onlara Azərbaycan televiziya və radiosunun bölgə müxbiri işləmiş, yazıçı-jurnalist, Jurnalistlər İttifaqı və AYB-nın üzvü P.Qurbanov; Şəki Dövlət Teatrının ədəbi hissə müdiri işləmiş, rejissor Ə.Əliyev; yazıçı-rəssam, Azərbaycan Jurnalistlər və Rəssamlar İttifaqlarının, AYB-nın üzvü, Mədəniyyət və İncəsənət İnstitutunun müəllimi, “İncəsənət” qəzetinin naşiri Ə.İbrahimov; Azərbaycan Respublikasının Əməkdar müəllimi İ. Verdiyev, “Azərbaycan” kolxozunda sədr işləmiş, “Oktyabr inqilabı” ordenli A.İsmayılov; Ümumittifaq İxtiraçılar və Səmərəliləşdiricilər Cəmiyyətinin üzvü N.İsayev; Oğuz RİH-nin Başçısı işləmiş V.Davudov, Oğuz şəhərindəki E.Abdullayev adına tam orta məktəbin direktoru olmuş Y.Əliyev; Bakıda “Azərneftlayihə” Tikinti Birliyində baş mühasib işləmiş İ.Kərimov; sambo üzrə keçmiş SSRİ çempionu və SSRİ idman ustası, ümumittifaq dərəcəli hakim, ADBTİA-nın müəllimi olmuş, bir müddət Oğuz Rayon İdman Komitəsinin sədri işləmiş, I Qarabağ şəhidi T.Rzayev (T.Oğuz); 24 il Yaqublu kənd orta məktəbinin direktoru olmuş, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin “Fəxri- fərmanı” və “Qabaqcıl maarif xadimi” döş nişanı ilə təltif olunmuş H.Qurbanov; “Tibb əlaçısı” və “Qabaqcıl səhiyyə işçisi” döş nişanı ilə təltif olunmuş həkim İ.Sadıqov, Almaniyada yaşayan, orada Azərbaycan diasporasının Qərbi Azərbaycan İştimai Birliyinin ideologiya şöbəsinin rəhbəri olan Ə.Rzayevanı və onlarla başqalarını nümunə göstərmək olar. Rayonumuzda və digər şəhərlərdə məsul vəzifələrdə işləyən onlara məzunlarımızı da bu sıraya əlavə etmək olar.
Məzunlarımız torpaqlarımızın yağı düşməndən müdafiə olunmasında göstərdikləri qəhrəmanlıqlarla da məktəblərinə layiq olduqlarını sübut etmişlər.
Qarabağ döyüşlərində məktəbin 30 nəfərdən çox məzunu iştirak etmişdir. Məzunlarımızdan 4 nəfər – T. Rzayev (T.Oğuz), T.Babayev, N.Süleymanov və C.Allahverdiyev müqəddəs şəhidlik zirvəsinə ucalmışlar. Onlar sübut etmişlər ki, Vətən üçün, torpaq üçün, onun yağı düşmənlərdən qorunması üçün ölümə də hazırdırlar.
1934-2022-ci illərdə, yəni 88 il ərzində məktəbdə 230 nəfərdən çox müəllim işləmişdir. Onlar əsl xalq müəllimi kimi həyata vəsiqə almış gənclərin gözlərini maarif və elm nuru ilə işıqlandırmış və mədəniyyət carçıları olmuşlar. Bu gün məktəbdə 177 nəfər şagirdin təlim-tərniyəsi ilə 26 nəfər təhsil işçisi məşğul olur. Onlar öz sələflərinin pedaqoji ənənələrini yeni şəraitdə uğurla davam etdirməkdədirlər.
Bu kamil, zəhmətkeş, qayğıkeş və humanist müəllimlərin əməyi ən yüksək qiymətə layiqdir. Çünki ümummilli liderimiz H.Əliyevin dediyi kimi “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən şəxslərdir.”
İnanırıq ki, Yaqublu məktəbi gələcəkdə də yeni-yeni uğurların ünvanı olacaq.
İmran Verdiyev,
məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllim