Prezident Ələt Azad İqtisadi Zonasının təməlini qoyub - FOTO

14:11 - 1 İyul 2021 - Xəbər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib.

Ucnoqta.az xəbər verir ki, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar olacaq. İqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb.

Diqqətə çatdırılıb ki, zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunub. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslər uğurla davam edir. Ələt Azad İqtisadi Zonasının yaradılması bunun bariz nümunəsidir. Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq.

Dövlətimizin başçısı Ələt Azad İqtisadi Zonasının təməlini qoydu.

X X X

Sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verdi.

Müxbir: Salam cənab Prezident, xoş gördük Sizi. Cənab Prezident, bu gün təməli qoyulan Ələt Azad İqtisadi Zonasının yaradılması ideyası necə yaranıb?

Prezident İlham Əliyev: Bu zonanın yaradılması ideyasının təməlində bizim siyasətimiz dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Eyni zamanda, burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək. Çünki bizim ümumi daxili məhsulumuzun strukturuna baxsaq görərik ki, neft sektoru artıq üstünlük təşkil etmir. Ancaq ixraca baxdıqda görərik ki, ixracımızın mütləq əksəriyyəti neft-qaz məhsulları ilə təmin edilir. Ona görə bax, burada da islahatların aparılması və xarici investorların xüsusilə sənaye sahəsinə cəlb edilməsi əsas amillərdən biri idi. Əlbəttə ki, bu ideya çoxdan müzakirə olunurdu. Ancaq bu layihənin reallaşdırılması üçün vaxt düzgün seçilməli idi, biz buna hazır olmalı idik və hesab edirəm ki, bu gün biz buna hazırıq.

-Cənab Prezident, Ələt Azad İqtisadi Zonasının yaradılması ilə bağlı hansı addımlar atılıb?
-İlk növbədə, biz təşkilati işləri görməli və elə bir şərait yaratmalı idik ki, investorları cəlb edə bilək. Aydın məsələdir ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkələrdəndir və belə ölkələrdə azad iqtisadi zonaları yaratmaq daha çətindir. Çünki əlverişli coğrafi vəziyyəti olan ölkələrdə bu zonalar çox böyük uğur qazanıb və ilk növbədə, coğrafi yerləşməyə görə. Ona görə bizə gəldikdə, bu coğrafi vəziyyəti nəzərə alaraq daha da səmərəli işləməli idik və investorlar üçün daha da cəlbedici şərtlər təqdim etməli idik. İlk növbədə, qanunvericilik sahəsində işlər görülməli idi və mən 2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılmasının sürətləndirilməsinə dair müvafiq Sərəncam imzaladım, 2018-ci ildə qanun qəbul edildi. Bu, həm dövlət maraqlarımızı, həm investorların maraqlarını tam təmin edən çox mütərəqqi qanundur. Bu, çox önəmlidir. Çünki əgər qanunvericilikdə investorlar üçün hansısa qeyri-müəyyən məqamlar olsaydı, əlbəttə ki, onları buraya cəlb etmək mümkün olmazdı. Xüsusilə nəzərə alsaq ki, son illərdə dünyada cərəyan edən iqtisadi və maliyyə böhranı investisiyaların həcmini də azaldıb. Əlbəttə ki, pandemiya da dünya iqtisadiyyatına mənfi təsir göstərib. Belə bir tarixi məqamda bu addımı atmaq, əlbəttə ki, həm böyük cəsarət tələb edir, həm də bizim inamımıza əsaslanır. Ona görə hesab edirəm ki, qanunvericilik sahəsində görülən işlər həm investorların, həm də Azərbaycan dövlətinin maraqlarını tam təmin edir. Ondan sonra 2018-ci ildə artıq praktiki işlərə başlanılmışdır. Bu 850 hektarlıq ərazi ayrılmış, Ələt Azad İqtisadi Zonasının konsepsiyasının işlənməsinə start verilmiş, işçi qrup yaradılmış və artıq işlər praktik müstəviyə keçmişdir.

Təbii ki, pandemiya işimizə müdaxilə etdi və bizim planlarımızı bir qədər təxirə saldı. Ancaq indi pandemiya həm ölkəmizdə, həm də bir çox ölkələrdə səngiyir. Hesab edirəm, bu gün bu təməlqoyma mərasiminin keçirilməsi artıq onu göstərir ki, biz buna tam hazırıq. Bundan sonra isə artıq praktiki işlərin başlanmasına start verilir və əminəm ki, bu işlər də vaxtında başa çatacaq.

-Cənab Prezident, Azad İqtisadi Zona niyə məhz Ələtdə yaradılır?
-İlk növbədə, Ələt qəsəbəsinin ərazisində böyük boş torpaq sahələri var və bu torpaq sahələrinin mütləq əksəriyyəti kənd təsərrüfatı üçün yararsız torpaqlardır. Digər tərəfdən, Ələt qəsəbəsi Bakı şəhərinə yaxındır. Bu da vacib şərtlərdən biridir. İnfrastruktur layihələrinin icrası üçün artıq bütün ilkin şərtlər vardır. Səngəçalda 300 meqavat gücündə elektrik stansiyası mövcuddur və infrastruktur layihələrinə qoyulan xərclər də nisbətən az olacaq. Burada Beynəlxalq Dəniz Limanı yerləşir. Bu da iqtisadi zonanın fəaliyyəti üçün önəmli amillərdən biridir. Hesab edirəm ki, Ələtin inkişaf perspektivi də çox uğurlu ola bilər. Əgər bu zona istədiyimiz kimi formalaşsa, - mən buna əminəm, - bu bölgənin inkişaf dinamikası ümumi inkişafımıza da böyük müsbət təsir göstərəcək. Bax, bu amillər bu yerin seçilməsində əsas rol oynamışdır. Eyni zamanda, buradan bizim beynəlxalq dəhlizlərimiz də keçir. Şərq-Qərb dəhlizi, Şimal-Cənub dəhlizi Ələtin ərazisindən keçir. Ona görə logistika, nəqliyyat baxımından bu yer çox əlverişlidir. Məhz buna görə Ələt bu məqsədlər üçün seçilmişdir.

-Cənab Prezident, fikrinizcə, investorları bu Azad İqtisadi Zonaya nə cəlb edəcək və onlar nəyə görə məhz buraya sərmayə qoyacaqlar?
-Biz də bu sualı özümüzə verirdik və ona görə bu zonanın yaradılması ilə bağlı görülən işlər məhz bu suala cavab verməli idi. Çünki bu gün dünyanın müxtəlif ölkələrində azad iqtisadi zonalar var. Qeyd etdiyim kimi, bəzi ölkələrdə bunu təbii şərait, coğrafi yerləşmə şərtləndirir. Açıq dənizlərə çıxışı olmayan ölkələrdə azad iqtisadi zonaların yaradılması təcrübəsi o qədər də uğurlu deyil. Biz uğurlu və uğursuz təcrübəni öyrənmişik, təhlil aparmışıq. Hesab edirik bu gün Azərbaycanda bütün ilkin şərtlər var ki, investorları məhz bu zonaya cəlb edək. Hesab edirəm ki, ilk növbədə, bu yerin coğrafi vəziyyəti əlverişlidir- dənizin kənarında, dəniz limanının böyründə yerləşir, kifayət qədər böyük ərazidir. İlkin mərhələdə artıq 60 hektarlıq yer inkişaf üçün hazırdır. Amma, ümumiyyətlə, 850 hektar torpaq sahəsi ayrılıb. Bu torpaq sahəsinə bitişik olan torpaq sahələri də artıq müəyyən edilib ki, orada hər hansı bir tikinti aparılmasın, bu, gələcək inkişaf üçün lazımdır.

Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır. Biz bunu həm neft-qaz layihələrinin icrası zamanı nümayiş etdirmişik, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində çox gözəl investisiya iqlimi yaradılmışdır. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu, dünya miqyasında çox böyük nailiyyətdir. Biz bir çox inkişaf etmiş ölkələri bu parametrlər üzrə qabaqlamışıq. Yəni, gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir.

Digər vacib məsələ, - nə üçün biz hesab edirik ki, investorlar gələcək, - müasir infrastrukturun mövcudluğudur. Biz bu infrastrukturu son illər ərzində ardıcıl şəkildə yaratmışıq. Bu gün yenə də beynəlxalq mötəbər qurumlara istinadla deyə bilərik ki, bu sahədə də böyük uğurlar əldə etdik. Bilirik ki, potensial investorlar, ilk növbədə, Dünya Bankının “Doing Business” hesabatına baxırlar, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlinə baxırlar. Hər iki yerdə bizim üstünlüyümüz göz qabağındadır. İnfrastruktur layihələrinin səviyyəsinə görə, baxın, Azərbaycan hansı yerlərə layiq görülüb. Elektrik təchizatı sahəsində Azərbaycan Davos Forumunun hesabatında dünya miqyasında ikinci yerdədir. Təsəvvür edin, dünya miqyasında ikinci yerdə. Dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yerdə. Hava nəqliyyatının səmərəliliyinə görə 12-ci yerdə. Avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Xəzər gəmiçiliyi gəmiçilik xidmətlərinə görə 25-ci yerdədir. Bütün bunlar bizim əldə etdiyimiz böyük uğurlardır. Bu uğurlar bu gün ölkəmizin dinamik inkişafını təmin edir. Çünki əsas infrastruktur layihələri artıq ya başa çatıb, ya da başa çatmaq üzrədir. İnvestorlar üçün bunlar çox önəmli şərtlərdir - investisiya iqlimi, infrastruktur layihələri.

Həmçinin son illər ərzində Azərbaycanda çox güclü kadr potensialı yaradılıb. Bu sahəyə xüsusi diqqət göstərilir. Biz dövlət xətti ilə minlərlə gənci dünyanın aparıcı ali məktəblərində oxutmuşuq. Onların böyük hissəsi Azərbaycana qayıdıb və müxtəlif yerlərdə çalışır. Neft konsorsiumlarında çalışan azərbaycanlılar artıq bizim intellektual potensialımızın inkişafına xidmət göstərirlər. Kadr potensialı var, bu da investorları cəlb edəcək.

Azərbaycanda təhlükəsizlik təmin edilir. Azərbaycan dünyanın bəlkə də ən təhlükəsiz ölkələrindən biridir. İnvestorlar üçün bu amil də çox önəmlidir.
Azərbaycanda mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələləri dünya miqyasında artıq nümunə kimi göstərilir. Biz istəyirik ki, bütün dünya ölkələri buraya gəlsinlər və investisiya qoysunlar. Bu amil də çox önəmlidir.

Digər tərəfdən, ölkəmizdə mövcud olan sabitlik hər bir investor üçün əsas şərtlərdən biridir. Sabitlik olmayan ölkələrə heç kim sərmayə qoymur. Bu, aksiomdur. Sərmayə qoyuluşu baxımından cəlbedici ölkələrin təcrübəsinə baxsanız, bunu görərsiniz. Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir.

Digər vacib amil ondan ibarətdir ki, bizim sözümüzlə əməlimiz heç vaxt fərqlənmir. Yəni, nəyi deyiriksə, onu da edirik. Sözümüzü tutan insanlarıq və həyat bunu dəfələrlə göstərib. İnvestorlar üçün çox cəlbedici şərait yaradılıb. Təkcə neft-qaz layihələrinə baxmaq kifayətdir görək ki, 1994-cü ildən bu günə qədər imzalanmış kontraktlarda bir vergül belə dəyişdirilməyib. Ancaq bir çox yerlərdə müəyyən mərhələ keçəndən sonra ölkələr şərtləri özlərinə daha uyğun tərzdə dəyişdirməyə cəhd göstərirlər. Biz bunu etməmişik. Çünki bunu etsək, investorları qaçırdacağıq. Yəni, bütün bu amillər və əlbəttə ki, İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə və Dağlıq Qarabağ münaqişəsinin həlli artıq yeni bir vəziyyət yaradıb. Hesab edirəm ki, uzunmüddətli sabitlik, sülh artıq investorlar üçün də gün kimi aydın məsələdir. Bütün bu amillərin mövcudluğu və bizim gələcəyimizə olan inam, əminəm ki, xarici sərmayədarları bu zonaya cəlb edəcək.

- Cənab Prezident, sonuncu sualım, Ələt Azad İqtisadi Zonası investorları qəbul etməyə nə vaxt hazır olacaq?
- Bu gün qoyulan təməl artıq işlərin başlanmasına təkan verir. Artıq birinci görüləcək işlər planlaşdırıldı, 850 hektarın 60 hektarı artıq layihələndirildi, detallı, müfəssəl layihələndirmə işləri aparılmışdır. Bu gündən etibarən tikinti işləri başlanacaq, infrastruktur layihələri, biznes mərkəzi, gömrük-keçid məntəqəsi və lazım olan digər sahələrdə işlər görüləcək. Hesab edirəm ki, bir ildən sonra - gələn ilin iyul ayından başlayaraq, biz investorları qəbul etməyə hazır olacağıq.

O vaxta qədər Azad İqtisadi Zonanın rəhbərliyi həm ölkə daxilində, həm də xaricdə müxtəlif tədbirlər keçirəcək. Təqdimatlar keçirilməlidir, potensial investorlarla birbaşa təmaslar qurulmalıdır. Eyni zamanda, Azad İqtisadi Zonanın nümayəndələri müxtəlif ölkələrə ezam olunacaq, həmçinin xaricdən potensial investorlar dəvət ediləcək. Bununla bərabər, mən indi bizim bütün xarici ölkələrdəki səfirliklərə göstəriş verirəm ki, öz təmasları əsnasında bu zonanın yaradılması ilə bağlı potensial investorlara məlumat versinlər. Bizim bir çox ölkələrlə hökumətlərarası komissiyalarımız var. Bu komissiyaların rəhbərlərinə də tapşırıram ki, komissiyaların iclaslarının keçirilməsi zamanı Azad İqtisadi Zonanın nümayəndələri mütləq təmsil olunsunlar və bu mövzu mütləq gündəliyə salınsın. Bir daha demək istəyirəm, çünki bizim bir çox ölkələrlə belə komissiyalarımız var. Amma bu komissiyaların işini təhlil edərkən görürəm ki, xarici şirkətlər Azərbaycanda daha çox podratçı kimi fəaliyyətə cəhd göstərirlər. Yəni, Azərbaycanda daha çox pul qazanmaq istəyirlər, bunun mənası budur. Biz etiraz etmirik. Çünki indi biz hətta azad edilmiş torpaqlara xarici podratçıları, kontraktorları cəlb edirik. Ancaq biz istəyirik ki, xarici investorlar Azərbaycana sərmayə qoysunlar. Çünki dövlət sərmayəsi artıq öz rolunu oynayıb. Biz bütün əsas infrastruktur layihələrini icra etmişik. Təbii ki, azad edilmiş torpaqlarda indi böyük tikinti-quruculuq işlərinə start verilir. Bu da böyük iqtisadi canlanmaya gətirib çıxaracaq. Ancaq biz başa düşməliyik ki, birbaşa xarici investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Ona görə, başqa ölkələrlə hökumətlərarası komissiyaların işi də, ilk növbədə, xaricdən vəsaiti Azərbaycana gətirməkdir. Hesab edirəm ki, məhz bu zona potensial investorlar üçün cəlbedici ola bilər.

Beləliklə, bir ildən sonra - gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq. Əminəm, biz görəcəyik ki, bax, burada göstərilən mənzərə həyatda öz əksini tapacaq. Çünki bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirdiyimiz layihələr uğurla başa çatıb. Bunları sadalamağa ehtiyac yoxdur, hər kəs bilir söhbət nədən gedir. Ona görə, bu zonanın yaradılması, əminəm ki, uğurumuzun növbəti addımı olacaqdır.

- Cənab Prezident, suallarımızı ətraflı cavablandırdığınız üçün çox sağ olun. Minnətdarıq Sizə.

- Sağ olun.


Xəbər xətti