Venesuelanın hakimiyyət orqanları yoxa çıxmış "Mi-17" helikopterinin axtarışına başlayıblar.
"Report" xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Vladimir Padrino Lopes özünün "Twitter"dəki mikrobloqunda yazıb.
O, bildirib ki, Puerto-Ayakuçoda hava şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq 3 hava maşını axtarış əməliyyatına başlayıb. Nazirin sözlərinə görə, təyyarələr və vertolyot həmçinin "Mi-17"-nin enməli olduğu La-Esmeralda yaşayış məntəqəsindən də səmaya qalxıb.
Qeyd edək ki, "Mi-17" helikopteri Puerto-Ayakuçoda dekabrın 30-da səmaya qalxıb. Onun göyərtəsində 4-ü mülki sakin olmaqla, 13 nəfər olub.
Müdafiə Nazirliyinin məlumatına görə, helikopter səmaya qalxdıqdan 40 dəqiqə sonra onunla əlaqə kəsilib. Bu günə kimi əlverişsiz hava şəraitindən axtarış-xilasetmə işləri təxirə salınıb.