Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı kompleks tədbirləri davam etdirir.
Dövlət Agentliyindən bildirilib ki, quruma daxil olmuş məlumatlar əsasında elektronika və məişət texnikası mallarının satışı sahəsində əsas bazar iştirakçılarından olan “Baku Electronics” MMC barəsində rəqabət qanunvericiliyinin tələblərinə uyğun olaraq ilkin araşdırma aparılıb.
Araşdırma nəticəsində “Baku Electronics” MMC tərəfindən “YOSHİRO” əmtəə nişanlı televizorlar barədə müştəriləri çaşdıran məlumatlardan və həmin məhsulların mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərdən (nişandan) istifadə nəticəsində müştəriləri çaşdırmaqla haqsız rəqabətə yol verməsi əlamətləri müəyyən edilib. Həmçinin “YOSHİRO” əmtəə nişanlı televizorların reklamında həmin əmtəə barədə həqiqətə uyğun olmayan məlumatlar verilməklə haqsız rəqabətə yol verilməsi əlamətləri də aşkar olunub.
Qeyd edilən hallarla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təsərrüfat subyekti barəsində rəqabət qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Hazırda işlərə baxılma prosesi davam edir və nəticələri barədə əlavə məlumat veriləcəkdir.