Birləşmiş Ştatlar Yəmən husilərinin Qırmızı dənizdə Magic Seas və Eternity C yük daşıyıcılarına hücumlarını pisləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Qeyd olunur ki, yük daşıyıcılarına hücumlar “İran tərəfindən dəstəklənən husilərin naviqasiya azadlığına, regional iqtisadiyyatlara və dəniz təhlükəsizliyinə davam edən təhlükəni nümayiş etdirir”.
Bildirilir ki, Birləşmiş Ştatlar ticarət gəmilərini qorumaq üçün lazım olan tədbirləri görməyə davam edəcək.
Çərşənbə axşamı Yunanıstanın ERT-news telekanalı Husilərin Qırmızı dənizdə Liberiya bayrağı altında Yunanıstanın yük daşıyıcısı Eternity C gəmisinə hücumu nəticəsində üç nəfərin öldüyünü, iki nəfərin yaralandığını bildirib. Bu, iki gündə ikinci hücumdur.
İyulun 6-da Hodeydanın cənub-qərbində Çindən gələn metal və gübrə yükü ilə Liberiya bayrağı altında Yunanıstanın Magic Seas yük daşıyıcısı hücuma məruz qalıb. Hücuma görə məsuliyyəti Yəməndəki Ənsar Allah üsyançı hərəkatından olan husilər öz üzərinə götürüb.