Hər ay 70 milyon gəlir əldə edən bir şirkət regionlar üçün daha sərfəli internet qiyməti müəyyən edə bilməzdimi? 2024-cü ilin avqustunda bütün əsas provayderlər, dövlət və özəl provayderlər eyni anda internetin minimal qiymət həddini 25 manata qaldırdı.
Ucnoqta.az xəbər verir ki, bu barədə AİF prezidenti Osman Gündüz bildirib. Ekspertin sözlərinə görə, bu kollektiv qərar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "kartel sövdələşməsi" və "vətəndaşların seçim imkanlarının məhdudlaşdırılması" kimi qiymətləndirildi və araşdırma başladıldı:
"Üstündən 9 ay keçib. Hələ də nəticə yoxdur. Bu müddət ərzində isə internet bazarında əsaslı struktur dəyişiklikləri baş verib: Atelekom RİNN tərkibindən çıxarılıb və AZCON Holdinqin tərkibinə qatılıb, bazardakı bütün dövlət provayderləri Aztelekom-un ətrafında birləşdirilib.
Nəticədə Aztelekom internet bazarının 60%-nə nəzarət edən, hər ay yalnız internet xidmətlərindən 70 milyon manatdan çox gəlir əldə edən bir nəhəng dövlət şirkətinə çevrilib".
"AZCON tərkibində olan Aztelekom-un regionlar üçün yeni internet tarifləri müəyyən edəcəyi ilə bağlı fikirlər səslənsə də , hələlik bu istiqmaətdə konkret addımlar yoxdur. Ucdantutma hamı, tələbatı olan və olmayan, bizneslə məşğul olan olmayan, imkanı olan və olmayan hamı minimal 25 manat verməlidir. Azercell-in də dövlətə məxsus olduğunu nəzərə alsaq, ölkədə internet bazarında dövlətin payı bəlkə də 80%-ə yaxınlaşıb.
Bəs bu təmərküzləşməyə ölkədə rəqabətə cavabdeh qurum nə deyir?
Rəqabətə nəzarət etməli olan qurum – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi – nə qiymət artımına, nə də bazarda yaranmış dominanta mövqe ilə bağlı cəmiyyətə heç bir açıqlama verməyib.
İndi biz ölkənin telekom və internet bazarında formalaşan yeni mühiti necə dəyərləndirək, Antiinhisar buna nə deyir?" - Osman Gündüz qeyd edib.