Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmə başlayıb.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Daha sonra dövlət ittihamçısı vəsatət verərək bildirib ki, iş materialları ilə tanış olmayıb. O, məhkəmənin hazırlıq iclasının təxirə salınmasını xahiş edib.
Proses iyulun 10-dək təxirə salınıb.
Qeyd edək ki, Aybəniz Səyyaf qızı Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Beniz" ləqəbli tiktoker barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edilib. Tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürülərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb.
Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan 836 min manat pul tələb edib.