Azərbaycan əsgərlərinə tapança tuşlayan erməni saxlanıldı

14:48 - 4 İyun 2025 - Xəbər

Azərbaycan postlarına tapança tuşlayan Ermənistan vətəndaşı saxlanılıb.

Ucnoqta.az Aravot.am-a istinadən xəbər verir ki, bir neçə həftə əvvəl Qoris Şəhər Polis Şöbəsinə “Nissan” markalı avtomobilin sürücüsünün Tex icmasının inzibati ərazisində yerləşən sərhəddə Azərbaycan əsgərlərinə tapança tuşlaması barədə zəng daxil olub.

Polis əməliyyat yoxlamasından sonra Qorisdə üç nəfəri - 32, 45 və 21 yaşlı kişini saxlayıb və şöbəyə aparıb.

Eçmiədzində yaşayan 32 yaşlı kişi bildirib ki, sərhəddə olarkən qəzəbdən və onları qorxutmaq məqsədi ilə pnevmatik tapançanı çıxararaq Azərbaycan əsgərlərinə tuşlayıb.

ER Daxili İşlər Nazirliyinin Baş İctimai Polis İdarəsi, Qoris Polis İdarəsindən daxil olan məlumat əsasında Ermənistan İstintaq Komitəsinin Sünik Regional İstintaq İdarəsi sözügedən hadisə ilə bağlı cinayət işi açıb, ibtidai araşdırma aparılır.

Xəbər xətti