Xatırladaq ki, dünyada hər il milyonlarla insan tütün asılılığı, xüsusilə də siqaret səbəbiylə inkişaf edən xəstəliklər nəticəsində xəstəxanalara yerləşdirilir və ya dünyasını dəyişir.
Ucnoqta.az xəbər verir ki, dr. Fadime Tülücü qəlyan və elektron siqaret kimi məhsulların siqaret qədər təhlükəli olduğunu bildirib.
Sağlam həyat üçün sadəcə siqareti tərgitmək kifayət deyil. Bütün tütün törəmələrindən, xüsusilə elektron siqaret və qəlyandan uzaq olmaq lazımdır.
“Son illərdə artan qəlyan istifadəsi bütün digər tütün məhsulları kimi zərərli olmaqla yanaşı, həm də vərəm və hepatit kimi xəstəliklərin ötürülməsi riski yaradır. Tütün sənayesi tərəfindən siqareti dayandırıcı xüsusiyyətlərə malik olduğu iddiaları ilə bazara çıxarılan elektron siqaretlər və tüstüsüz tütün məmulatları siqaretə bərabər təhlükə yaradır” – həkim deyib.
Siqaret çəkməyə cəhd edən hər 5 nəfərdən 3-ü aludə olur. Buna görə də tütün sənayesi gəncləri hədəf alır. Tütünlə mübarizədə gənc nəslin maarifləndirilməsinin vacibliyinə diqqət çəkən mütəxəssis bildirir ki, tütün məmulatlarından istifadənin qarşısı uşaq, gənclər və böyüklər yaş qruplarına xas maarifləndirici proqramlar vasitəsilə alınmalıdır.