Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Şimali İrlandiya ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra brifinq keçirib. 20 yaşlı hücumçu əvvəlcə oyunu dəyərləndirib…
– Daha yaxşı çıxış edirdik. Amma son saniyələrdə qol buraxdıq. Belə alındı. Bu, futboldur.
– Qol imkanlarınızdan yararlana bilməməyinizə nə mane oldu?
– Daha çox işləmək lazımdır ki, belə vəziyyətlərdən yararlana bilək və qalib gələk.
– Təkbətəkdən qolu niyə vura bilmədiniz? Top ayağınıza oturmadı?
– Xeyr, adi qaydada zərbə endirdim. Sadəcə, top qapıya getmədi. Yenə deyirəm, daha çox işləməliyik ki, belə vəziyyətlərdən də yararlana bilək.
– Demək olarmı ki, Şimali İrlandiya ilə görüşdən xalla ayrılmaq olardı?
– Bəli, 100 faiz belədir. Daha yaxşı oynayırdıq.
– Nəticəni ədalətsiz sayırsınız?
– Demək olmaz ki, ədalətsiz nəticədir. Bunu Allah bilir. Sadəcə, belə alındı.
– Sonadək mübarizə aparacaqsınız?
– Nə etmək olar? Futbolu buraxaqmı? Əlbəttə, mübarizə aparacağıq. Hələ evdə 2 oyunumuz qalıb. Niyə də yox?! Azarkeşlər, özümüz, əzizlərimiz və yaxınlarımız, ölkəmiz üçün oynamalıyıq.
– Növbəti mövsümü harada keçirəcəksiniz?
– “Jilina”da.
