Rusiya hökuməti bəzi neft-kimya məhsullarının Avrasiya İqtisadi İttifaqından (Aİİ) kənara ixracına üç aylıq müvəqqəti qadağa tətbiq edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məhdudiyyət daş kömür və neft mənşəli benzol, toluol, ortoksilol, paraksilol və fenolun ixracına şamil edilir.
Bu maddələr avtomobil, aviasiya, gəmiqayırma və dəmir yolu sənayesi üçün boya və lak materiallarının, qida qablaşdırmalarının, döşəmə örtüklərinin, kabel izolyasiyasının, eləcə də tibbi məhsulların istehsalında istifadə olunur.
Hökumətdən bildirilib ki, qərarın məqsədi Rusiya sənaye müəssisələrinin zəruri xammalla sabit təchizatını təmin etməkdir.
Qadağa beynəlxalq tranzit daşımalarına və beynəlxalq humanitar yardım çərçivəsində həyata keçirilən tədarüklərə şamil olunmur. Həmçinin Şpitsbergen arxipelaqında Rusiya təşkilatlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan ixraca istisna tətbiq edilir.
