İşğaldan azad edilmiş ərazilərdə mülkiyyət hüquqlarının bərpası, torpaq və daşınmaz əmlak məsələləri son günlər geniş müzakirə olunan mövzulardandır. Bölgədə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı bu məsələnin aktuallığını daha da artırır. Xüsusilə, mülkiyyət hüquqlarının hansı mexanizmlərlə tanınacağı, əvvəlki sənədlərin hüquqi qüvvəsi, torpaq və evlərə dair iddiaların necə araşdırılacağı cəmiyyətdə bir sıra suallar doğurur.
Ucnoqta.az xəbər verir ki, hüquqşünas Sahib Məmmədov məsələnin hüquqi tərəfi ilə bağlı izah verib.
Hüquqşünas qeyd edir ki, sovetlər dövründə fərdi evlərə texniki pasport və mülkiyyət sənədi (o vaxt reyestr söhbəti yox idi) verilirdi:
“Düzdü bu bütün fərdi evləri əhatə etmirdi. Həmçinin müstəqillik dövründə Azərbaycan dövləti Xalq Deputatları Sovetinin, dövlət idarə və müəssələrinin balansıda olan yaşayış evlərini təmənnasız olaraq kirayəçilərə bağışladı.
Fərdi evləri bilmirəm (yəni belə evlərin hamısı sənədləşdirlmib başa çatmışdımı?), amma işğal altıda olan ərazilərdə bu proses məlum səbəbdən getmədi. Məntiqlə ərazilər işğaldan azad edildikdən sonra ilk növbədə fərdi evlərinin sənədi olan şəxslər və onların vərəsələrinin mülkiyyət hüququ tanınmalı idi. Çoxmənzilli binalarda yaşayanların da ən azı uçotu aparılmalı idi”.
Sahib Məmmədov qeyd edir ki, bu proseslər olmayıb:
“İndi isə yalnız məcburi köçkün statusunda olanların ərazilərdə faktiki müıliyyət hüququ tanınır və onlara dövlət hesabına yaşayış sahələri verilir.
Amma əlində mülkiyyəti təsdiq edən sənəd olan şəxslər və onların vərəsələri məhkəmə qaydasında öz mülkiyyət hüquqlarının tanınmasına nail ola bilərlər. Dağırılmış və qismən dağıdılmış danınmaz əmlaka və onun altında olan torpaq sahəsinə mülkiyyət hüququ tanına bilər. Bundan sonra əgər həmin yer dövlətin ehtiyacları üçün (məsələn yeni şəhər salınır və s.) lazımdırsa əmlakı satın ala bilər. Yaxud, Mülki Məcəllənin 209-cu maddəsinə (Rekvizisiya) əsasən dövlət həmin daşınmaz əmlakı ala bilər və ya əvəzində müvafiq uyğun yer təklif edə bilər. Əlbəttə burda hüquqi boşluqlar üzə çıxacaq. Amma hüquqi yol var”.
