Almaniyanın avtomobil istehsalçısı “Volkswagen Group” 2026-cı ilin üçüncü rübündə vergilər ödənildikdən sonra 5,8 milyard avro xalis zərərə uğrayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə şirkətin rüblük maliyyə hesabatında bildirilib.
Ötən ilin eyni dövründə konsernin zərəri 1 milyard avrodan bir qədər çox olub. Beləliklə, şirkətin zərəri nominal ifadədə təxminən altı dəfə artıb.
İyul-sentyabr aylarında “Volkswagen Group”un ümumi gəliri 75 milyard avro təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz azdır.
Hesabat dövründə şirkət müştərilərə təxminən 1,9 milyon avtomobil təhvil verib. Bu göstərici illik müqayisədə 14,3 faiz azalıb.
Şirkət satışların azalmasını ABŞ-ın gömrük rüsumları, Çin bazarında satışların aşağı düşməsi və Avropa bazarında rəqabətin güclənməsi ilə əlaqələndirib.
“Doqquz ayın maliyyə nəticələri açıq şəkildə göstərir ki, vaxt itirə bilmərik və qətiyyətli addımlar atmalıyıq”, – deyə şirkətin maliyyə direktoru Arno Antlits bildirib.
