Bakı Metropolitenində “Qırmızı” və “Yaşıl” xətlərin ayrılması istiqamətində işlər davam edir. Xətlərin ayrılmasından sonra qatarların hərəkət sxemində və sərnişinlərin stansiyalararası keçid qaydalarında müəyyən dəyişikliklərin olacağı gözlənilir.
Bu proses sərnişinlər arasında bir sıra suallar və narahatlıqlar yaradıb. Xüsusilə “28 May” və “Cəfər Cabbarlı” stansiyalarında keçidlərin necə təşkil olunacağı, sərnişinlərin əlavə ödəniş edib-etməyəcəyi, xətlər üzrə qatarların hərəkət intervalının necə dəyişəcəyi və dərs ili başlayanda yaşıl xəttdə sıxlığın qarşısının necə alınacağı maraq doğurur.
Bununla bağlı Bakı Metropoliteni ictimaiyyətlə əlaqələr şöbəsindən Ucnoqta.az-ın sorğusuna cavab olaraq bildirildi ki, xətlərin ayrılması layihəsi başa çatdıqdan sonra Qırmızı və Yaşıl xətlər müstəqil fəaliyyət göstərəcək. Bu zaman “İçərişəhər” istiqamətində hərəkət edən sərnişinlər “28 May”, “Dərnəgül” istiqamətində hərəkət edən sərnişinlər isə “Cəfər Cabbarlı” stansiyasının platformasından istifadə edəcəklər:
““28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında yaradılan yeni keçid imkanı sərnişinlərin bir xətdən digərinə daha rahat və qısa yolla hərəkətini təmin edəcək. Xətlər arası keçid zamanı sərnişinlərin hərəkəti mövcud gediş haqqı və keçid qaydaları çərçivəsində təşkil olunacaq. Layihənin əsas məqsədlərindən biri sərnişin axınlarının daha səmərəli bölüşdürülməsidir.
Xətlərin ayrılmasından sonra Qırmızı və Yaşıl xətlər müstəqil fəaliyyət göstərəcək. Bu, hər bir xətt üzrə qatarların hərəkətinin digər xəttin qrafikindən asılı olmadan təşkil edilməsinə və nəticədə, qatarlararası intervalın azaldılması üçün əlavə imkanların meydana çıxmasına şərait yaradacaq”.
Qeyd olunur ki, hazırda mövcud infrastrukturun imkanları nəzərə alınmaqla xətlərin ayrılması intervalın daha da azaldılması üçün əsas şərtlərdən biri hesab olunur:
“Xətlərin ayrılması layihəsinə başlanıldığından Qırmızı xətt üzrə “İçərişəhər–Həzi Aslanov” istiqamətində hərəkətin müstəqil təşkili mümkündür.
Xətlərin ayrılmasının növbəti mərhələlərində müvafiq infrastruktur layihələrinin tamamlanması ilə qatarlararası intervalın 2 dəqiqəyədək azaldılması təmin ediləcək. Qeyd olunmalıdır ki, konkret hərəkət intervalı texniki imkanlar, təhlükəsizlik tələbləri və sərnişin axınının xüsusiyyətləri nəzərə alınmaqla hərəkət qrafiki çərçivəsində müəyyən edilir”.
Yeni tədris ili ilə əlaqədar yaşıl xətt üzrə qatarlar arasında intervalla bağlı suala cavabında bildirildi ki, sərnişin axınının artması nəzərə alınmaqla metroda hərəkət qrafikinin formalaşdırılması zamanı sərnişin tələbatı və hərəkətin texniki imkanları qiymətləndirilir:
“Hazırda tikinti işləri ilə əlaqədar Yaşıl xətt üzrə “Dərnəgül–Nizami” marşrutunda qatarların hərəkəti 3 dəqiqə 30 saniyə intervalla təşkil edilir. Qeyd edilməlidir ki, metroda qatarlararası intervalın müəyyən edilməsi yalnız sərnişin tələbatından asılı deyil. Hərəkətin təhlükəsizliyi sistemləri, elektrik təchizatının tələblər səviyyıəsində təminatı, stansiyaların və tunellərin texniki imkanları, qatarların hərəkətinin dayanıqlılığı və infrastrukturun buraxılış qabiliyyəti də nəzərə alınır. Bu səbəbdən, intervalın təhlükəsizlik və səmərəlilik baxımından yol verilən minimum həddi mövcuddur və qatarların hərəkəti həmin texniki tələblər çərçivəsində təşkil edilir. Hazırda sərnişin axınının dinamikası mütəmadi təhlil olunur, hərəkət qrafikləri tələbatdan və mövcud texniki imkanlardan asılı olaraq müvafiq qaydada tənzimlənir. Bununla belə, sadalananlar nəzərə alınmaqla, əlavə texniki tədbirlərin görülməsi ilə intervalın azaldılmasının mümkünlüyü də araşdırılır”.
Xətlərin ayrılması ilə bağlı sərnişinləri maraqlandıran əsas məsələlərdən biri də “28 May” stansiyasında yarana biləcək sıxlıqla bağlıdır. Xüsusilə “Həzi Aslanov” istiqamətində qatarların hərəkət sxeminin dəyişməsi fonunda sərnişin axınının platformalarda və vaqonlarda necə tənzimlənəcəyi diqqət çəkir.
Bu baxımdan, xətlərin ayrılmasının “28 May” stansiyasının yüklənməsinə təsiri ilə bağlı sualımıza “Bakı Metropoliteni” burada əsas məqsədlərdən biri məhz müxtəlif istiqamətlər üzrə sərnişin axınlarının daha səmərəli bölüşdürülməsi, “28 May” stansiyasındakı yüklənmənin azaldılması və hərəkətin dayanıqlılığının artırılması olduğunu qeyd edır:
“Xətlər ayrıldıqdan sonra “İçərişəhər–Həzi Aslanov” (Qırmızı xətt) istiqaməti ilə yanaşı, “Dərnəgül–Xətai” (Yaşıl xətt) marşrutu üzrə hər iki xətt müstəqil fəaliyyət göstərəcək. Beləliklə, əvvəllər “28 May” stansiyasında eyni platformada müxtəlif istiqamətlər üzrə qatarları gözləyən sərnişin axınları ayrılacaq. “Dərnəgül” istiqamətində hərəkət edən sərnişinlər “Cəfər Cabbarlı” stansiyasının platformasından istifadə edəcəklər”.
Bildirildi ki, eyni zamanda, “28 May” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirən əlavə keçidin istifadəyə verilməsi xətlər arasında hərəkət edən sərnişinlərə daha təhlükəsiz və sürətli keçid imkanı verəcək:
“Bu yanaşma sərnişin axınlarının daha səmərəli bölüşdürülməsinə və “28 May” stansiyasında yüklənmənin azaldılmasına xidmət edəcək.
Metroda sərnişin sıxlığının idarə edilməsi yalnız xətlərin ayrılması və qatarlararası intervalın optimallaşdırılması ilə məhdudlaşmır. “Bakı Metropoliteni”ndə sərnişin axınlarının daha səmərəli idarə edilməsi, infrastrukturdan istifadənin optimallaşdırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə rəqəmsal həllərin tətbiqi də davam etdirilir.
Bu istiqamətdə metro stansiyalarında quraşdırılmış videomüşahidə sistemlərindən əldə olunan məlumatların süni intellekt texnologiyaları əsasında analitik emalına imkan verən həllər hazırlanır. Bu texnologiyaların əsas məqsədi sərnişin axınlarının və sıxlıq səviyyəsinin daha operativ qiymətləndirilməsinə, mövcud resurslardan daha səmərəli istifadə olunmasına və sərnişin xidmətlərinin təkmilləşdirilməsi üzrə qərarların məlumat əsaslı qəbul edilməsinə imkan yaratmaqdır.
Beləliklə, layihə yalnız infrastrukturun yenidən təşkili deyil, eyni zamanda sərnişin axınlarının müasir rəqəmsal texnologiyalar vasitəsilə daha səmərəli idarə olunmasına yönəlmiş kompleks tədbirlərdən biridir”.
