ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin ABŞ hərbi yük təyyarəsi ilə Rusiyaya gedərək bir neçə saatlıq görüş keçirməsi beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.
Səfərin məqsədi açıqlanmasa da, onun Rusiya-Ukrayna müharibəsinin genişlənməsi və mümkün nüvə eskalasiyası ilə bağlı olub-olmaması barədə suallar yaranıb.
Ucnoqta.az xəbər verir ki, Bloomberg mənbələrə istinadən yazıb ki, Rusiya Ukraynanın Kiyev və digər şəhər mərkəzlərinə ballistik raketlərlə zərbələr endirə bilər. Bu hücumların nəticə verməyəcəyi təqdirdə isə Moskvanın nüvə silahından istifadəyə dair variantı nəzərdən keçirə biləcəyi iddia olunur. Bununla belə, bu məlumat hələlik iddia olaraq qalır.
Retkliffin səfəri xüsusilə diqqət çəkir, çünki 2021-ci ildən bəri MKİ direktorunun Rusiyaya belə səfəri baş verməyib. Hazırda ABŞ və Rusiya arasında müxtəlif səviyyələrdə, o cümlədən siyasi, diplomatik, kəşfiyyat və hərbi kanallar vasitəsilə əlaqələr mövcuddur.
2021-ci ildə CIA direktoru Uilyam Börns də Rusiyaya səfər etmişdi. Həmin səfərdən sonra ABŞ Rusiyanın Ukraynaya müdaxilə hazırlığı barədə Moskvanı xəbərdar etmişdi. Bir neçə ay sonra Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladı.
İndiki səfərin dəqiq məqsədi açıqlanmadığından onun nüvə təhlükəsinin qarşısının alınması ilə əlaqəli olduğunu təsdiqləmək mümkün deyil. Lakin Retkliffin səfəri ilə bağlı xəbərlərin nüvə silahından istifadə ehtimalı barədə iddialarla eyni vaxtda gündəmə gəlməsi narahatlıqları artırıb.
