Dondurmanı avtomatik olaraq “sağlam” və ya “zərərli” qida kimi qiymətləndirmək düzgün deyil.
Ucnoqta.az xəbər verir ki, mütəxəssislər seçim zamanı məhsulun tərkibinə, şəkər və yağ miqdarına, həmçinin porsiyaya diqqət yetirməyi tövsiyə edirlər.
1. Tərkib siyahısını yoxlayın
Siyahının əvvəlində şəkər və ya şəkər tərkibli komponentlərin yer alması məhsulda əlavə şəkərin çox ola biləcəyini göstərir. “Çiyələkli”, “şokoladlı” və ya “meyvəli” yazılması isə məhsulda mütləq çoxlu real meyvə olduğu anlamına gəlmir.
2. Yağın mənbəyinə baxın
Süd yağı ilə hazırlanan məhsulların qida tərkibi müxtəlif bitki yağlarından istifadə edilən dondurmalardan fərqlənə bilər. Buna görə etiketdə yağın mənbəyini yoxlamaq faydalıdır.
3. Şəkər miqdarını müqayisə edin
“Şəkərsiz”, “fit”, “light” və “meyvəli” kimi ifadələr məhsulun avtomatik olaraq daha sağlam olduğunu göstərmir. Qərar verməzdən əvvəl qida dəyəri cədvəlində şəkər və enerji miqdarına baxmaq lazımdır.
4. Porsiyaya nəzarət edin
Bir qab dondurmanın hamısını bir porsiya hesab etmək düzgün olmaya bilər. Xüsusilə böyük qablaşdırmalarda istehsalçının göstərdiyi porsiya ilə faktiki yeyilən miqdar arasında ciddi fərq yarana bilər.
Mütəxəssislər həmçinin dondurmanın gec əriməsinin onun keyfiyyətsiz və ya zərərli olduğunu göstərmədiyini bildirirlər. Ərimə prosesinə məhsulun tərkibi, yağ və şəkər miqdarı, süd zülalları, stabilizatorlar və istehsal texnologiyası kimi amillər təsir edir.
Ev şəraitində süd və ya qatıqla meyvədən hazırlanan, əlavə şəkərin miqdarı nəzarətdə saxlanılan dondurma isə daha sadə tərkibli alternativ ola bilər.
