Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı məhkəmə prosesi tibbi sənədlərdə aşkarlanan səhvə görə bir həftəlik təxirə salınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə TN telekanalı məlumat yayıb.
İclasların avqustun 20-də davam etdirilməsi planlaşdırılsa da, məhkəmə iclasının əvvəlində hakim ölüm haqqında tibbi hesabatda uyğunsuzluq aşkarlandığı üçün fasilə elan edib. Məlum olub ki, sənəddə 2015-ci ildə aparılmış və Maradonanın atası tərəfindən verilmiş analizlərin nəticələrindən istifadə olunub. Atasının adı da Dieqo Maradona olub.
Məhkəmə həmçinin sığorta şirkətinə və Maradonanın müalicə aldığı klinikaya futbolçunun tibbi sənədləri ilə bağlı bütün materialları təqdim etməyi tapşırıb.
Argentina Baş Prokurorluğu 2022-ci ilin iyununda Maradonanın ölümündə səhlənkarlıqla bağlı səkkiz tibb işçisinə ittiham irəli sürüb. Onları 8 ildən 25 ilədək həbs cəzası gözləyə bilər.
Dünya çempionu Dieqo Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. Ölümünə ağciyər ödeminə səbəb olan kəskin ürək çatışmazlığının yol açdığı bildirilib.
