Anomal istilər orqanizm üçün ciddi sınaqdır. Termometrlərdə temperatur rekord həddə yaxınlaşdıqda təkcə günəşdən qorunmaq deyil, həm də düzgün qidalanmaq və kifayət qədər maye qəbul etmək vacibdir.
Ucnoqta.az bildirir ki, mütəxəssislərin sözlərinə görə, məhz bu sadə vərdişlər gün ərzində özünüzü necə hiss edəcəyinizə birbaşa təsir göstərir.
Dietoloq Oksana Skitalinskaya isti havalarda qidalanma rejiminə yenidən baxmağı, ağır və yağlı yeməklərdən uzaq durmağı, orqanizmin istiyə daha rahat uyğunlaşmasına kömək edən qidalara üstünlük verməyi tövsiyə edir.
Onun sözlərinə görə, anomal istilər sağlamlıq üçün ciddi təhlükə yaradır.
“İstilik artıq başlayıb və daha da artacaq. The Lancet Countdown hesabatına əsasən, dünyada ekstremal istilər orta hesabla hər dəqiqə bir insanın həyatına son qoyur. Buna görə də isti günlərdə sadə qorunma tədbirləri rahatlıq deyil, sağlamlıq və həyat məsələsidir.”
Dietoloq bildirir ki, isti havada orqanizm tərləmə yolu ilə soyuyur. Bu zaman bədən yalnız su deyil, həm də elektrolitlər – əsasən natrium və kalium kimi mineralları itirir. Həmin minerallar əzələlərin, ürəyin və sinir sisteminin normal fəaliyyəti, eləcə də orqanizmdə maye balansının qorunması üçün vacibdir.
Mütəxəssis isti havanı sağlam şəkildə keçirmək üçün aşağıdakı tövsiyələri verir:
Gün ərzində kifayət qədər su qəbul edin.
Elektrolit balansını qorumağa kömək edən qidalar istehlak edin.
Ağır, yağlı və çox kalorili yeməklərdən uzaq durun.
Tərəvəz, meyvə və su tərkibi yüksək olan məhsullara üstünlük verin.
Günün ən isti saatlarında birbaşa günəş şüaları altında uzun müddət qalmayın.
Bu sadə qaydalara əməl etmək orqanizmin həddindən artıq istiliyə daha yaxşı dözməsinə, susuzlaşma riskinin azalmasına və gün ərzində enerjinin qorunmasına kömək edə bilər.
